ELM VƏ TƏHSİL
“Hazırcavablar” intellektual teleoyununda 30 nömrəli məktəbin komandası qalib gəlib
Bakı, 14 may, AZƏRTAC
Ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intelletual teleoyun təşkil edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki 24, 30, 80 və 177 nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb. Məktəblilər “Dil və ədəbiyyat”, “Coğrafiya”, “Futbol”, “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıblar.
İntellektual teleoyunun nəticələrinə əsasən 30 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
“Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.
Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını artırmaq, yaradıcı inkişafına təkan vermək, intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmalarını təmin etmək də layihənin əsas hədəflərindəndir.