CƏMİYYƏT


Hazırda istifadə olunan peyvəndlər koronavirusun mutasiyalarına qarşı müəyyən qədər təsirlidir

Bakı, 15 fevral, AZƏRTAC

Hazırda hər kəsi yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə qısa müddətdə hazırlanmış peyvəndə nə qədər güvənmək olar sualı düşündürür. Pandemiyanın dünyanı cənginə alması peyvənd hazırlanması prosesini sürətləndirdi. Digər peyvəndlər üçün tələb olunan mərhələlər, strategiyalar həmin peyvənd üçün nisbətən qısaldıldı. Daha öncəki peyvəndlərdə 12-36 ayı əhatə edən birinci-ikinci faza bu peyvənddə daha qısa müddətdə - 6-8 ay ərzində yekunlaşmış oldu. Bir mərhələ bitmədən nəticələr açıqlanırdı və digər mərhələyə keçilirdi. Eyni zamanda, COVID-19 peyvəndinin hazırlanması üçün yatırımlar da kifayət qədər oldu. Bununla yanaşı, koronavirusun genomu müasir texnologiyalar sayəsində çox tez bir şəkildə təqdim olundu. Hazırda da peyvəndlə bağlı çalışmalar davam edir. Təcili istifadə üçün bir neçə peyvənd təsdiqlənsə də, onların üçüncü faza çalışmaları tam da yekunlaşdırılmış hesab olunmur. Uzunmüddətli araşdırmalara ehtiyac var. Lakin peyvəndin effektivliyindən daha çox ilk öncə onun təhlükəsizliyi tələb olunur. İndiyədək təsdiq edilən və hazırda istifadədə olan peyvəndlərdə də təhlükəsizlik məsələsi tam olaraq təmin olunduğuna görə alınan vaksini geniş əhali kütləsi üzərində həyata keçirə bilərik.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, peyvəndin ilk dozası vurulduqda burada hədəf orqanizmlə antigeni tanış etməkdir: “İlk dozanın təsiri zəif olur. İlkin mərhələ tanışlıq mərhələsidir. Orqanizm antigenlə yeni tanış olur, onu nə gözlədiyini bilir və müəyyən cavab reaksiyası hazırlayır. Bu mərhələnin nəticəsində çox cüzi şəkildə qorunma əldə edirik. Yəni bu zaman peyvəndin tam effekti bilinmir. 28 gündən sonra ikinci doza vurulur. Bu zaman da eyni dozada və eynitərkibli peyvənd vurulur. Bu, cavab reaksiyasını daha da möhkəmləndirmək, daha çox anticisim sintezinə nail olmaq üçün həyata keçirilir.

Vaksinasiyadan öncə qanda anticisim miqdarını öyrənmək üçün hər hansı bir analiz verilməsinə ehtiyac yoxdur. Çünki vaksinasiya üçün ciddi əks göstərişlər mövcud deyil. Xəstəliyi keçirib sağalan şəxslərin də vaksin vurdurması tövsiyə olunur. Lakin hazırda əlimizdəki peyvəndlərin sayı məhdud olduğuna görə, son altı ayda xəstəliyi keçirənlər, yəni test nəticəsi pozitiv olması barədə sistemdə məlumat olan şəxslər altı ay tamam olana qədər peyvənd oluna bilməyəcəklər. Sistem həmin şəxslər üçün bloklanmış şəkildədir. Çünki təbii keçirilmiş xəstəliyin özünün də qoruyuculuğu var. Xəstəliyə yoluxub sağalmaqla müəyyən immunitet əldə olunur. Çox nadir hallarda təkrar yoluxmalar da qeydə alınır. Məhz o şəxslər üçün də vaksinasiya tələb olunur. Lakin peyvənd sayına görə onlar vaksinasiyadan 6 ay kənarda qalacaqlar. Vaksin vurdurandan sonra təxminən 70-80 faiz halda qorunmuş hesab olunuruq. Peyvəndləmə prosesi ən azından əhalinin 60-70 faizini əhatə etməyənə qədər vaksinin təsir etməyəcəyi 30 faiz təhlükə altında qalır. Ona görə də peyvənd olunsaq belə, ən azı il sonuna qədər, peyvəndləmə prosesi ölkəmizdə və dünyada kütləvilik əldə edənə qədər qorunma tədbirlərinə riayət etməliyik. Çünki əhalinin həssas qrupları var. Özümüz yoluxmasaq və ya peyvənddən sonra yoluxduqda xəstəliyi çox zəif əlamətlərlə keçirsək belə, digərlərinin yoluxmasına, başqalarının xəstələnməsinə səbəb ola bilərik. Bu səbəbdən qorunma, şəxsi gigiyena qaydalarına, maska istifadəsinə, məsafə saxlanılmasına, kütləvi məkanlardan uzaq durulmasına diqqət edilməlidir. Peyvənddən sonra ilk 24-48 saat ərzində daha çox istirahətə üstünlük vermək, bol maye qəbul etmək vacibdir. Peyvənd vurduranların bəzilərində inyeksiya olunan nahiyədə qızarıqlıq, ağrı, qolda ağrı müşahidə oluna bilər. Bu zaman parasetamol tərkibli ağrıkəsicilərdən istifadə oluna bilər. Həmçinin qol nahiyəsini hündürdə saxlamaqla ağrını azaltmaq olar”.

Həkim-infeksionist bildirib ki, əslində, hər kəs vaksin oluna bilər: “Lakin peyvənd çox yeni olduğuna, uşaqlar və hamilə qadınlar üzərində tədqiqatlar olmadığına görə verilən nəticələr bizi tam qane etmir. Eyni zamanda, uşaqların xəstəliyi yüngül keçirdiyini nəzərə alaraq onlara ən azından bir müddət vaksinasiya tətbiq olunmayacaq. Uşaqlar üzərində aparılan tədqiqatlar tam yekunlaşıb təhlükəsiz nəticələr açıqlananadək belə olacaq. Qeyd edim ki, uşaqlarda xəstəliyi ağır keçirmə faizi 0,2-yə bərabərdir.

Koronavirus və qrip əleyhinə vaksinlər eyni gündə vurula bilər. Bəzən mövsüm nəzərə alınaraq bir neçə vaksin bir gündə vurula bilər. Lakin arada fasilə olacaqsa, bu, iki həftə təşkil etməlidir. Yəni ya eyni gündə vurulmalıdır ya da iki həftə fasilə ilə. Canlı viruslarda həmin fasilə bir ay olmalıdır”.

Hazırda bir neçə ölkədə koronavirusun yeni ştammı qeydə alınsa da Azərbaycanda koronavirusun həmin mutasiyalarına rast gəlinməyib. Buna səbəb kimi digər ölkələrə gediş-gəlişin məhdud olması, ölkəyə daxil olan şəxslərin isə əvvəlcədən COVID-19 testi verməsidir. Necə ki COVID-19 Çində yarandı və bir neçə günə ölkəmizə gəldi, digər ştammların da buraya gəlmə ehtimalı var. Türkiyədə də yeni ştamma yoluxma halları qeydə alınsa da, 80 milyon əhali üçün aşkarlanan saylar çox azdır. Ümumiyyətlə, RNT tərkibli viruslar daim mutasiyaya uğrayır və yeni xüsusiyyətlər əldə edirlər. Son bir il ərzində COVID-19 virusu da dəfələrlə mutasiyaya uğrayıb. Lakin son üç ştammın məşhur olmasının səbəbi virusun xeyrinə bir mutasiyanın baş verməsidir. Bu o deməkdir ki, koronavirus həyatımızdan çıxa bilər. Gözləyirik ki, ya koronavirus mutasiyaya uğrayıb yoluxduruculuq qabiliyyətini itirəcək, ya da onun vilurentliyi, yəni öldürücülüyü azalacaq və o, mövsüm xəstəliyi xarakteri alacaq. Hazırda son məlumatlara görə, istifadə olunan peyvəndlər onun mutasiyalarına qarşı müəyyən qədər təsirlidir. Hətta peyvənd olunmuş şəxslər yeni ştamma yoluxarlarsa, bu, xəstəliyi daha yüngül keçirmələrinə səbəb olacaq. İlkin açıqlanan nəticələr hələ ki, bunlardır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.