CƏMİYYƏT
Hazırda oynaq xəstəliklərinin “cavanlaşması” müşahidə olunur
Bakı, 12 oktyabr, Əziz Məmmədov, AZƏRTAC
Oynaqlara güc düşəndə yaranan ağrı hissləri geniş yayılmış artrit adlanan xəstəliyin əlamətidir. Adətən insanlar bu xəstəliklə yetkin yaşda üzləşirlər. Lakin müasir dövrdə bütün dünyada olduğu kimi Azərbaycanda da həmin xəstəliyin “cavanlaşması” meyli müşahidə olunur. Ümumiyyətlə, Yer kürəsi əhalisinin təxminən 7-10 faizi artrit və artroz xəstəliklərindən əziyyət çəkir.
Artrit və artroz xəstəliklərinin adları oxşar olsa da, onları bir-birindən ciddi fərqləndirən cəhətlər də var. Artroz oynaqların, əsasən oynaq qığırdaqlarının formasının dəyişməsi ilə bağlı olan xroniki xəstəlikdir. Artrit isə iltihabi xəstəlikdir və artrozdan fərqli olaraq müxtəlif oynaqlar artritə məruz qala bilər. Azərbaycanda yaşı 40-dan aşağı olan insanlar arasında artrozdan əziyyət çəkənlərin sayı 2 faiz civarında olduğu halda, 45-50 yaşlarında sakinlər arasında bu xəstəlik 30 faiz, 50-65 yaşlı vətəndaşlar arasında 85-90 faiz yayılıb.
AZƏRTAC xəbər verir ki, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının travmatologiya şöbəsinin ortoped-travmatoloqu, professor Natiq Əliyev bu fikirləri jurnalistlərə müsahibəsində söyləyib.
Ekspert deyib: “Oynaq ağrılarından və bununla əlaqədar funksiyaların məhdudlaşmasından əziyyət çəkən insanların çoxu yaşlı adamlardır. Artritin sürətlə inkişaf etməsi ilə əlaqədar ən təhlükəli və ağır revmatik xəstəliklər əmək qabiliyyətli yaşda olan sakinlər arasında daha çox yayılıb. Belə insanlar arasında oynaq xəstəlikləri iltihabi xəstəliklərdən, hemofiliya və revmatizmdən sonra inkişaf edə bilər. Artritin yaranma səbəbləri həm genetik (oynaqların irsi patologiyası), həm də qazanılmış xarakterli ola bilər (siqaretçəkmə, çəki artıqlığı, allergik xəstəliklər, oynaqların zədələnməsi, peşə xəstəlikləri və idman məşğələləri ilə əlaqədar oynaqlara güc düşməsi). Həkimlər bu xəstəliyin inkişafını ləngitmək üçün iltihab əleyhinə preparatlardan istifadə edirlər. Bu preparatlar iltihab prosesini yüngülləşdirir. Kəskin ağrılar keçəndən sonra müalicəvi bədən tərbiyəsindən istifadə etməklə bərpa terapiyasına başlayırlar. Məxsusi işlənib hazırlanmış müalicəvi bədən tərbiyəsi kompleksləri zədələnmiş oynaqların mütəhərrikliyini artırmağa və xəstəliyin inkişafını ləngitməyə kömək edir”.
Natiq Əliyev onu da qeyd edib ki, belə xəstəliklər zamanı oynaqların formasının dəyişməsi səciyyəvi haldır. Ortoped-travmotoloq sonda deyib: “Müalicə vaxtında başlanmasa bu, oynaqların tamamilə dağılmasına gətirib çıxara bilər. Xəstəliyin qarşısını almaq və onun inkişafı prosesini ləngitmək üçün düzgün qida rejiminə riayət etmək, müvafiq pəhriz saxlamaq, tərkibində zülallar çox olan məhsullar hesabına qida rasionunu zənginləşdirmək lazımdır”.