İQTİSADİYYAT


Həbib Həsənov: Ölkə ərazisində taksi fəaliyyətinin tənzimlənməsi üçün lazımi addımlar atılıb

Bakı, 6 aprel, AZƏRTAC

Yeni koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına uyğun olaraq, ölkədə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur. Belə bir şəraitdə müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) qarşısında duran əsas vəzifələrdən biri də əhalinin dayanıqlı, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri ilə təmin edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə DANX-ın rəisi Həbib Həsənov deyib.

O bildirib ki, xüsusi karantin rejimində əhalinin taksi xidmətləri ilə təmin edilməsi məqsədilə mart ayında fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirmiş daşıyıcılar barədə müvafiq məlumatlar Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən “icaze.e-gov.az” portalında yerləşdirilib və həmin daşıyıcılar aprel ayında taksi xidməti göstərə bilərlər. Respublikanın digər şəhərlərində taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətinin müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə daşıyıcılar həmin ərazilərdə yerləşən “Azərpoçt” MMC-nin mərkəzi poçt filiallarında (şöbələrində) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşlarına yaxınlaşaraq “icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər. Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinin tənzimlənməsi digər aidiyyəti qurumlar tərəfindən təmin edilir.

“Xüsusi karantin rejimində sui-istifadə hallarına yol verilməməsi məqsədilə son 6 ay ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq icazə alan, avtonəqliyyat vasitələrinin texniki vəziyyəti təhlükəsizlik və istismar tələblərinə uyğun olan, zəruri sanitariya və gigiyena qaydalarına riayət edən daşıyıcıların fəaliyyətinə icazə verilməsinə üstünlük veriləcək. Bir daha, Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq əhalini koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ciddi zərurət olmadıqda, səfər etməməyə çağırırıq”, - deyə H.Həsənov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.