ELM VƏ TƏHSİL


Hədəf STEM Liseyində “Sağlam təhsil” sinifləri qurulur

Bakı, 17 aprel, AZƏRTAC

XXI əsrdə təhsil alanların problemlərinin öyrənilməsi xüsusilə aktualdır. ABŞ, Avropa ölkələri, MDB və Azərbaycan alimlərinin araşdırmaları göstərir ki, hipodinamiya, səmərəsiz qidalanma, stresslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Dünya statistikasına əsasən bu gün məktəb məzunlarının cəmi 2-15 faizi yetkin həyata sağlam fərdlər kimi daxil olur.

AZƏRTAC xəbər verir ki, bu ilin fevralından rəsmi fəaliyyətə başlayan Hədəf STEM Liseyi bəzi dövlət məktəblərində fəaliyyət göstərən, yetərincə uğurlu nəticələri olan “Sağlam təhsil – sağlam millət” layihəsinə qoşulan ilk özəl liseydir.

Liseyin rəhbərliyi bildirir ki, layihənin fəlsəfəsi ilə tanışlıq zamanı “Hədəf” konseptinin əsas xətlərindən olan özünüdərk və sağlamlıq bəndlərinə tam cavab verdiyini gördük. Belə ki, millətin gələcəyi olan övladlarımızın həm özünü dərk edərək, həm də sağlam böyüməsi bizim əsas hədəfimizdir. Buna görə də ibtidai və orta təhsildə tam, tam orta təhsildə isə qismən “Sağlam təhsil – sağlam millət” layihəsinin konseptinə uyğun siniflər qurduq. Biz hazırda dövlət məktəblərinin yalnız ibtidai siniflərində fəaliyyət göstərən layihə Hədəf Liseyində yuxarı siniflərdə də fəaliyyət göstərəcək. Bunun üçün də bütün otaqlar konseptin əsas tələblərinə uyğun hazırlanıb.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qarşıya qoyduğu vəzifələri nəzərə alaraq, 2013-cü ildə Təhsil Nazirliyi təhsil sistemində sağlam təhsil texnologiyasının tətbiq olunması təşəbbüsü ilə çıxış edib. 2014-cü ildə Təhsil Nazirliyi Milli Təhsil Texnologiyaları Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Sağlam təhsil – sağlam millət” layihəsinin tətbiqinə başlayıb. Bu layihənin əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv Azərbaycan vətəndaşı yetişdirməkdir. Layihə dörd əsas istiqamətdə inkişaf etdirilib: tibbi-gigiyenik, psixoloji-sosioloji, pedaqoji, gender.

2014-cü ilin mayında 2500 məktəblinin diaqnostik qiymətləndirməsini aparmaq üçün tibbi monitorinq keçirilib. Ənənəvi siniflərdə məktəbi bitirən yeniyetmə məzunlar arasında görmə problemi 45 faiz, qamət pozuntusu isə orta hesabla 50 faiz təşkil edib. Birinci sinifdə təhsil alan oğlanlar arasında fiziki inkişaf çatışmazlığı 19 faiz, beşinci sinifdə 33 faiz, sonuncu sinifdə isə artıq 40 faizdir.

Azərbaycan Tibb Universitetin tədqiqatları göstərdi ki, ənənəvi siniflərdə qamət pozuntusu olan şagirdlərin sayı 2014-cü ildə 16.7 faiz təşkil edirdisə, 2016-cı ildə bu göstərici 34 faizə yüksəlib. “Sağlam təhsil” siniflərində isə artım cəmi 2,7 faiz təşkil edir ki, bu da statistik olaraq əhəmiyyətsiz hesab olunur. “Sağlam təhsil” siniflərində normal görmə qabiliyyəti olan uşaqların sayı 23 faiz, ənənəvi siniflərdə isə cəmi 8,7 faiz artıb. Təhsil alanların fiziki inkişaf göstəricilərini müqayisə etdikdə müəyyənləşdirilib ki, iki il ərzində normal fiziki inkişaflı uşaqların sayı ənənəvi siniflərdə 10 faiz, “Sağlam təhsil” siniflərində isə cəmi 0,3 faiz azalıb.

Psixoloji, sosioloji, pedaqoji parametrlər üzrə də belə müsbət dinamika müşahidə olunur. İlboyu həkim-gigiyenistlər, psixoloq-sosioloqlar, pedaqoq metodistlər tərəfindən müəllimlərlə, məktəb psixoloq və həkimləri ilə, məktəb rəhbərliyi və valideynlərlə iş aparılıb. Müəllimlərə, psixoloqlara, həkimlərə metodik dəstək verilib, valideynlərlə görüşlərdə sağlam təhsil pedaqogikasının prinsipləri izah edilib, suallar cavablandırılıb. Həkim-gigiyenistlər dərsdənkənar vaxtda sağlam həyat tərzinin dəstəklənməsini təmin etmək məqsədilə, məktəb psixoloqları isə müəllim-şagird, müəllim-valideyn münasibətlərinin qurulması və idarə edilməsi baxımından əhəmiyyətli bilik və bacarıqlarla təlimatlandırmaq üçün valideynlərlə görüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.