QAN YADDAŞI


Həftəlik “Dostluq körpüsü” proqramı 20 Yanvar faciəsinə həsr edilib

Bişkek, 23 yanvar, AZƏRTAC

Qırğızıstanın “Piramida” Dövlət Televiziyasının həftəlik “Dostluq körpüsü” proqramı bütövlükdə 20 Yanvar faciəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin müəllifi və aparıcısı olduğu verilişdə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Qanlı Yanvar hadisələrinin xronikası, bu faciəni doğuran səbəblər haqqında məlumat verib.

Səfir XX əsrdə sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlardan danışıb, 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında söhbət açıb. Səfir deyib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilib, tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc sakini, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirib. Öldürülənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olub.

Qırğızıstandakı “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Əzizağa Əliyev bildirib ki, 20 Yanvarda Azərbaycana qarşı tarixi ədalətsizlik edilsə də Azərbaycan xalqı müstəqillik və milli birlik uğrunda mübarizəsini dayandırmadı və ölkəmiz öz müstəqilliyini əldə etdi.

Verilişdə Bişkek yaxınlığında soydaşlarımızın yığcam halda məskunlaşdığı Kant şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan küçənin abadlaşdırılmasına hazırlıqla bağlı reportaj da nümayiş etdirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.