CƏMİYYƏT


Həkim-infeksionist: “Omikron” ştamında ağciyərlərdə “buzlu şüşə” əmələ gəlməsinə 75 faiz hallarda rast gəlinmir

Bakı, 18 yanvar, AZƏRTAC

Artıq iki ildir ki, yeni növ koronavirusla (COVID-19) mübarizə gedir. Bu müddətdə həkim personalı və tibb işçilərinin xəstəliklə mübarizə təcrübəsi əvvəlki illərlə müqayisədə xeyli artıb. İlk dövrlərdə aparılan müalicələrdə yol verilən müəyyən səhv və çatışmazlıqlar yoluna qoyulub. Artıq koronavirusun müalicəsi sahəsində yetkin bir istiqamət, kifayət qədər təcrübəli həkimlər, növbəti dəfə artım olmasa da, ona hazır tibbi kontingent var.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Vüqar Cavadzadə deyib.

Həkim bildirib ki, pandemik infeksiyalara əvvəlcədən epidemik proqnoz vermək düzgün deyil və bu heç vaxt özünü doğrultmayıb: “Pandemiyanın davametmə müddəti və virusun sonrakı mərhələdə hansı mutasiyalarda gedəcəyini indidən söyləmək olmaz. Amma onu demək olar ki, viruslar mutasiyaya uğradıqca virulentlik, yəni xəstəlik törətmə qabiliyyətini itirirlər. “Omikron” variantı ilə COVID-19-un və yaxud “delta”nın klinik əlamətlərini, gedişini müəyyən edəndə görürük ki, ağciyərlərdə “buzlu şüşə” əmələ gəlməsinə 75 faiz hallarda rast gəlinmir. “Delta” variantında isə bu, əksinə idi, xəstələrin yatma günləri, əlamətlərin davametmə müddəti çox idi. “Omikron” variantında isə həmin müddətlər qısadır və xəstəlik yüngül gedir və hətta ayaq üstə keçirənlər olur. Bunların hansının pandemiyanın yekunlaşmasına doğru getdiyini göstərməsə də, zəifləməyə doğru getdiyini göstərir. Lakin onun nə vaxt başa çatacağını bilmirik. Bu, bir tərəfdən də virusun mutasiyaya uğrayıb zəifləməsinə səbəb olur.

Bir infeksionist kimi hesab edirəm ki, əvvəlki iki ildə yoluxma və ölüm sayındakı yüksək rəqəmlər baş verməyəcək. Ola bilsin ki, yüksək rəqəmlər müşahidə edilsin, amma müalicə ocaqlarının xəstələrlə yüklənməsi yəqin ki, baş verməyəcək”.

Həkim-infeksionist son vaxtlar uşaqlar arasında yayılan infeksiyaya da münasibətini bildirib: “Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında koronavirus infeksiyası ola bilər, amma son vaxtlar yayılan xəstəliklərdə subfebril hərarət və əlamətlərin qısa zamanda keçməsi qrip infeksiyasına uyğun əlamətlərdir. Ona görə indi yayılan xəstəliklə əlaqədar təşvişə düşmək lazım deyil, bu, hər il qış aylarında yayılan xəstəlikdir. Sadəcə keçən il ciddi karantin rejiminin tətbiq edilməsi digər respirator virus xəstəliklərinin yayılmasının qarşısını alınmasında böyük rol oynadı. Xatırladıram ki, keçən il açıq havada da maskadan istifadə edilirdi və bu da həmin infeksiyaların qarşısını alırdı”.

O, infeksiyaya yoluxma zamanı necə davranmağın lazım olduğunu da deyib: “Kimdəsə az da olsa hərarət varsa, ona çox ciddi yanaşmaq və potensial COVID xəstəsi kimi qiymətləndirmək lazımdır. İndi əsas aldadıcı əlamətlər ondan ibarətdir ki, subfebril temperatur olanda xəstə özü bunun soyuqdəymə və ya qrip olduğunu qiymətləndirir. Həmin əlamətlər dörd-beş gün davam edəndən sonra artıq ağırlaşmağa doğru gedir. Ona görə də temperatur yaranan kimi ilk gündən həkimə müraciət etmək lazımdır. Qış mövsümü olduğuna görə hərarəti olanların soyuq havada çıxıb küçədə gəzməsi xəstənin sonrakı vəziyyətini daha da ağırlaşdırır. Hərarət yaranan kimi ona ciddi yanaşmaq lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.