CƏMİYYƏT
Həkim-infeksionist: Yoluxma azalsa da, pandemiyanın başa çatdığını demək olmaz
Bakı, 14 aprel, AZƏRTAC
Dünyanın bir sıra ölkələrində yeni növ koronavirus (COVID-19) infeksiyanın ötürülmə sürəti yüksək olaraq qalır. COVID-19-un “omikron” ştamı isə yoluxuculuq göstəricilərinə görə üstünlük təşkil edir. İndiyədək virusun “alfa”, “beta”, “delta”, “omikron” və s. ştamları yayılıb. Son günlər isə Böyük Britaniya ərazisində COVID-19-un “XE” adlandırılan yeni ştamının “omikron”dan daha yoluxucu olduğu deyilir.
Ölkəmizdə infeksiyaya yoluxma sayında azalma ümid yaratsa da, hələ pandemiyanın başa çatmasından danışmaq tezdir.
AZƏRTAC xəbər verir ki, həkim-infeksionist Ləman Qalimova deyib: “Virus mutasiyaya uğradıqca hər yeni növdə daha çox və daha tez-tez yoluxma baş verir. İnfeksiyaya yoluxduqca insanlarda virusa qarşı immunitet əmələ gəlir, qoruyuculuq artır. Həmin hallar yoluxmanın sayını azalda bilər. Ancaq buna baxmayaraq, bəzi ölkələrdə yoluxma sayında artım müşahidə edilir. Yoluxma sayı nə qədər az olsa da, yenə də maskadan istifadə etmək və peyvənd olunmaq vacibdir. “Buster” doza olunmayanlar mütləq şəkildə həmin dozanı vurdurmalıdırlar. COVID-19 xəstələrinin sayı tam sıfıra düşməyincə və uzun müddət sıfırda davam etməyincə xəstəliyin başa çatdığını demək olmaz”.
Onu da qeyd edək ki, infeksiyadan qorunmaq üçün digər gigiyenik qaydalara əməl olunması da aktuallığını itirməyib.