CƏMİYYƏT


Həkim məsləhət komissiyalarının fəaliyyəti təkmilləşdirilir

Bakı, 17 yanvar, AZƏRTAC

2022-ci ilin yanvarın 13-15-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Gəncə Birləşmiş Şəhər Xəstəxanasında “Tibb müəssisələrində Həkim Məsləhət Komissiyasının işinin təşkili və idarə olunması” mövzusunda təlim keçirilib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının, Mingəçevir, Yevlax və Şəmkir şəhər, Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı, Ağdaş, Naftalan, Bərdə, Tərtər, Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayon mərkəzi xəstəxanalarının direktorları, həmin xəstəxanaların nəzdində fəaliyyət göstərən həkim məsləhət komissiyalarının sədrləri, poliklinika şöbələrinin və ailə sağlamlıq mərkəzlərinin müdirləri, agentliyin Gəncə, Mingəçevir və Şəmkir filiallarının rəhbərləri iştirak ediblər.

İştirakçılara Həkim Məsləhət Komissiyasının işinin təşkilində istinad olunan hüquqi sənədlər, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilmə Qaydası”, “Əmək qabiliyyəti olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı saxlanılması və doldurulması Qaydası”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” haqqında ətraflı məlumat verilib.

Təlimdə, həmçinin “Həkim Məsləhət Komissiyasının rəylərinin qeydiyyatı kitabının təhlili”, “Əmək qabiliyyətinin itirilməsi vərəqələrinin qeydiyyatı kitabının təhlili” və “Tibbi-Sosial Ekspert Komissiyasına verilən göndərişin (TQS № 088) təhlili” mövzularında təqdimatlarla çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məruzəçi qismində agentliyin Tibb planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Əlillik məsələləri üzrə nəzarət şöbəsinin əməkdaşları, Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov, 13 nömrəli Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, 20 nömrəli Şəhər Poliklinikasının baş həkiminin inzibati məsələlər üzrə müavini Tahirə Əfəndiyeva, 22 nömrəli Şəhər Poliklinikasının baş həkimi Aydın Əhmədov, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim nevropatoloqu Elşad Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin sektor müdiri Məmməd Xasıyev çıxış ediblər.

Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən tibb müəssisələrinin həkim məsləhət komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyan analoji təlimlər ötən ay şimal bölgəsindəki tibb müəssisələrinin əməkdaşları üçün keçirilib. Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki 143 tibb müəssisəsi tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququna malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.