CƏMİYYƏT
Həkim-müdavimlər və həkim-rezidentlər üçün beynəlxalq onlayn təhsil tətbiq olunur
Bakı, 19 fevral, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda diplomdansonrakı tibb təhsilinin təkmilləşdirilməsi və onun keyfiyyətinin yüksəldilməsi üçün axtarışlar aparılır, təhsilin yeni forma və metodları praktikaya daxil edilir. Görülən işlər arasında beynəlxalq təhsilə xüsusi əhəmiyyət verilir. Hazırda aparılan onlayn tədris prosesində də təhsilin həmin forması aktuallığını saxlayır. İnstitut və İstanbul Mədəniyyət Universiteti otorinolarinqologiya kafedraları arasında ümumi razılaşma əsasında həftədə bir dəfə ümumi ortaq dərslər təşkil edilib və həmin dərslərdən üçü keçirilib.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həkim-müdavimlər və həkim-rezidentlər üçün “Gicgah sümüyü radiologiyası”, “Koxlear anomaliyalar” və “Endoskopik dakriyosistonastomi uygulamaları” mövzusunda Hacəttəpə Universiteti otorinolarinqologiya kafedrasının professoru Levent Sennaroğlu, İstanbul Yeditepe Universiteti Radiologiya kafedrasının professoru Gazanfer Ekinci və İnönü Universiteti otorinolarinqologiya kafedrasının professoru Yüksel Toplunun məruzələri dinlənilib.
Dərslər qarşılıqlı razılaşma əsasında tədris ilinin sonuna qədər davam etdiriləcək.
Eyni zamanda, institutun kardiologiya kafedrası Rusiya Federasiyası Tibbi Təhsil İnstitutunun arterial hipertenziya elmi-tədqiqat şöbəsi ilə birgə həkim-müdavimlər və həkim-rezidentlər üçün “COVID-19 pasiyentlərində arterial hipertenziyaya nəzarət” mövzusunda vebinar keçirilib. Vebinarda həmin şöbənin müdiri professor A.Konradi iştirak edib.
Bundan başqa Həkimləri Təkmilləşdirmə İnstitutu və Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin ftiziatriya kafedraları arasında ümumi razılaşma əsasında həkim-müdavimlər və həkim-rezidentlər üçün professor A.A.Janqriyevin iştirakı ilə “Vərəmin profilaktikası qaydaları” mövzusunda vebinar keçirilib.
İnstitutun digər kafedraları da beynəlxalq təhsilin daha geniş tətbiq olunması üzərində çalışırlar.