CƏMİYYƏT


Həkim-mütəxəssis: Oturaq həyat tərzi və artıq çəki osteoartriti yaradan başlıca səbəblərdəndir

Bakı, 26 oktyabr, AZƏRTAC

Osteoartrit termini yunan dilində oynaq mənasını verən "artron" sözündən əmələ gəlib. Osteoartritə xalq arasında kirəcləşmə deyilir. Bu, oynaqların qığırdaq toxumasının quruluşunun pozulması, qığırdağın aşınması və zədələnməsi ilə müşahidə olunan xəstəlikdir. Osteoartritə daha çox diz, bud-çanaq, bilək və onurğa sütunu oynaqlarında rast gəlinir. Xəstəlik qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Əsasən 50 yaşdan yuxarı şəxslərdə qeyd edilir. Xəstəlik vaxtında müalicə olunmadıqda oynaqların yükdaşımasını təmin edən qığırdağın tamamilə nazilməsi və sümük başlarının bir-birinə sürtülməsi ilə nəticələnir. Qığırdağın bu zədələnməsi ilə birlikdə oynaqda kəskin ağrılar meydana çıxır.

AZƏRTAC xəbər verir ki, ortoped-travmatoloq Müseyib Əhmədov osteoartritin səbəbləri və xəstəlikdən qorunma üsulları barədə danışıb.

Həkim-mütəxəssis qeyd edib ki, son vaxtlar 60-70 yaşı olanlarda belə diz ağrıları geniş yayılıb: “Lakin bu xəstəlik 30 yaşda da başlaya bilər. Osteoartrit diz ağrılarının əsas səbəbi olub, artritin ən çox yayılmış formasıdır və müalicə oluna bilən xəstəlikdir. Ola bilər ki, xəstə heç vaxt ağrılardan tam qurtula bilməsin, amma bu xəstəliyi idarə edə və əlamətlərinə nəzarət edə bilər. Əgər xəstənin dizi, diz qapağının altı ağrıyırsa, xüsusən də diz çökəndə, çömbələndə və ya pilləkənlə aşağı enərkən bərk ağrılar olursa, bu osteoartrit əlamətidir. Ağrıları azaltmaq üçün artıq çəkidən azad olmaq məsləhətdir. Oturaq həyat tərzi, piylənmə, ağır yükqaldırma osteoartritin yaranmasına səbəb olur. Belə olan halda, sümüklər arasındakı qığırdaqlar ömür boyu dağılır. Bəzilərində bu proses zədələr və ya genetik faktorlardan asılı olaraq daha sürətlə gedir. Qığırdaqlar nazildikcə, sümüklər bir-birinə sürtülür və ağrı, şişkinlik yaranır. Əgər bu ağrılar ciddi narahatlıq törədir, gecələr yuxudan oyadırsa, həkimə müraciət etmək lazımdır. Bunun osteoartrit olub-olmadığını rentgen və ya zərurət yaranarsa, menisk yırtıqlarının olub-olmadığını maqnit rezonans tomoqrafiyası müəyyən edəcək”.

M.Əhmədov, həmçinin bildirib ki, diz ağrısının qarşısını almaq üçün bir sıra vərdişləri dəyişmək lazımdır: “Məsələn, dizləri bükərək üzərinə oturmaq vərdişini tərgitmək, xüsusən yaşlıların pilləkən əvəzinə liftlərdən istifadə etməsi, mümkün olduğu qədər yoxuşlu yollar əvəzinə düz yollarla getməsi məsləhətdir. Kəskin diz ağrısında müalicənin ən son variantı cərrahi müdaxilədir. Gənc xəstələrdə meniskial problemlərə bağlı ağrılarda daha çox qapalı artroskopik, yaşlı xəstələrdə isə açıq əməliyyatlar – endoprotezləşdirmə seçilir. Xəstədə diz qapağı çıxıqları, ön və arxa çarpaz bağ yaralanmaları ilə əlaqədar meydana gələn diz ağrıları varsa, artroskopik və mini açıq əməliyyatlar icra edilir. Ona görə də, tövsiyə edirəm ki, dizə yüklənərkən ağrılar artırsa, hərəkət məhdudluğu varsa, dizdə şişkinlik, deformasiya müşahidə olunursa, pilləkən enərkən və qalxarkən ağrı yaranırsa, mütləq həkimə müraciət edin. Vaxtında edilən həkim müayinəsi və müalicəsi xəstəni cərrahi müdaxilədən qoruya bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.