CƏMİYYƏT


Həkim-nevropatoloq: Başağrısı 40-a yaxın xəstəliyin əlaməti ola bilər

Bakı, 17 oktyabr, AZƏRTAC

Son vaxtlar baş ağrılarından şikayətlənməyən yoxdur, az qala əhalinin üçdə ikisi həmin problemlə əlaqədar narahatlığını bildirir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidova universitetin mətbuat xidmətinə bu barədə müsahibə verib.

Həkim-nevropatoloq deyib: “Son vaxtlar müraciətlərin çoxu başağrıları ilə əlaqədardır. Demək olar ki, bütün yaş təbəqələrində, necə deyərlər, 7-dən 77-yə hamı başağrısından şikayətlənir.

Başağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilir. Amerikalı alimlər ən çox hansı xəstəliklə bağlı həkimə müraciət edilməsi barədə araşdırma aparıblar. Məlum olub ki, müraciətlərin 70 faizini başağrıları təşkil edir. Bunun üzərinə xəstələrin özlərini evdə müalicə olunduqlarını, həkimə müraciətdən qorxma hallarını və digər məsələləri də gəlsək, onda xəstələrin müraciətini əks etdirən həmin rəqəm bir qədər də artar.

Başağrısı zamanı aptekdən dərmanı alıb atmaq düzgün deyil, mütləq həkim müayinəsinə ehtiyac var. Əgər həmin ağrılar həftədə iki dəfə narahatlıq yaradırsa, nevropatoloqa müraciət etmək lazımdır”.

Həkim-nevropatoloq müsahibə zamanı daha sonra deyib: “Başağrısının səbəbləri müxtəlif olur. Məsələn, xroniki və kəskin travmalar, infeksion xəstəliklər nəticəsində yaranan ağrılar var. Həcmli törəmələr, yəni şiş xəstəlikləri zamanı da baş nahiyəsində ağrılar əmələ gəlir. Həmin əlamətlər yarananda ağrılar əsasən səhər vaxtına təsadüf edir, adətən ürəkbulanma və qusma ilə müşahidə olunur. Damar mənşəli başağrıları isə əhali arasında geniş yayılmış miqren xəstəliyinin əlamətidir. Miqren xəstələrində adətən başın bir hissəsi kəskin ağrıyır və adi işıq zolağı, ani səs onlarda narahatlığa səbəb olur. Miqrendən əziyyət çəkənlərdə də qusma hallarına rast gəlinir. Arterial təzyiqin qalxması və enməsi nəticəsində də başda kəskin ağrılar yaranır. Bundan başqa, boyun yırtığı və osteoxondroz da başağrısına səbəb olur. Başağrıları müxtəlif ciddi xəstəliklərin göstəricisi ola bilər, xəstəliyə yalnız müayinələr nəticəsində düzgün diaqnoz qoymaq mümkündür. Ona görə də həkimdən qaçmaq yox, həkimə müraciət etmək və yaranan sağlamlıq problemi ilə əlaqədar iş-işdən keçəndən sonra yox, vaxtında yoxlanılmaq lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.