CƏMİYYƏT


Həkim-pulmonoloq: Açıq havada maska taxmaq ağciyərlərimizin durumuna mane olmur

Bakı, 5 dekabr, AZƏRTAC

Koronavirusa yoluxma sayları artdıqca, asimptomatik, yüngül xəstələrin evdə müalicəsi olunması qərarı alındı. Bu, həm insanların xəstəxana fobiyasını, həm də səhiyyənin yükünü azaltdı.

AZƏRTAC xəbər verir ki, bunu həkim-pulmonoloq Günay Əliyeva deyib.

O, son zamanlar koronavirus xəstələrinin yaşadıqları yeri tərk etməsi məsələsinə də toxunub: “Bir koronavirus xəstəsinin 20-25 nəfəri yoluxdura biləcəyini düşünsək, o, bir dəfə xüsusilə maskasız çölə çıxarsa, ətrafındakı sağlam insanlar maska taxmasına baxmayaraq, 70 faiz halda onları yoluxdura bilər. Aktiv koronavirus xəstəsinin maska taxması da yoluxma ehtimalını aradan qaldırmır. Hazırkı gündəlik yoluxma sayının 4 mindən çox olmasında, virusun geniş yayılmasında aktiv xəstələrin payı çoxdur. COVID xəstələrinin çölə çıxması birbaşa cinayət məsuliyyətidir.

Bəzi vətəndaşlar qızdırması olan kimi koronavirusdan şübhələnir, lakin test vermək yerinə, heç bir həkim təyinatı olmadan kompüter-tomoqrafiyası (KT) müayinəsindən keçir. Bu, çox yanlış qərardır. KT yetəri qədər informativ və böyük müayinə üsuludur. Bu, PZR qədər zərərsiz deyil. PZR müayinə zamanı burun-boğaz boşluğundan yaxma götürülməsi nəticəsində koronavirusa yoluxub-yoluxmamaq müəyyənləşdirilir. PZR zərərsiz müayinə üsuludur. KT hər gün edəcəyiniz müayinə üsulu deyil. Həmin müayinə üsulu hamilələrə tətbiq olunmur, 20 yaşadək vətəndaşların KT olunması tövsiyə edilmir. Xəstə yoluxduğundan şübhələnirsə, ilk olaraq həkimə müraciət etməli və PZR müayinədən keçməlidir. Əgər PZR testinin nəticəsi neqativdirsə, lakin şikayətləri davam edirsə, o zaman rentgen müayinədən keçə bilər. Rentgen özü yetəri qədər informativ müayinə üsuludur. Rentgen müayinə üsulu ilə pnevmoniyanı çox rahat aşkar etmək mümkündür. Yalnız həkimin müəyyən şübhələri qaldığı zaman, yanaşı hər hansı bir vəziyyətin dəyərləndirilməsi üçün KT müayinəsinə həkim təyinatı ola bilər. Vətəndaş özbaşına müayinəyə getməməlidir. Koronavirusa yoluxan bəzi xəstələrin şikayətləri əsasında rentgen müayinə təyin olunur. Müayinə nəticəsində COVID-19 səbəbli pnevmoniya aşkarlanırsa, ona uyğun müalicə təyin olunur. Müalicə bitdikdən sonra təkrar test verilir. Test neqativ olsa belə, təkrar rentgen çəkilməlidir ki, ciyərlərin vəziyyəti qiymətləndirilsin. Pnevmoniyanın tam sorulması və ya orda qalıq qalması, köməkçi əlavə müalicəyə ehtiyac olub-olmaması müəyyənləşdirilməlidir. Pnevmoniya ağciyər toxumasının zədələnməsi deməkdir. Bu, heç də asan bir diaqnoz deyil”.

Həkim-pulmonoloqun sözlərinə görə, ağciyərləri dəyərləndirmək məqsədilə KT zamanı aşkarlanan zədələnmə zonasının faizi xəstənin ağırlığını tam ifadə etmir. İyirmi faiz zədələnmə ilə belə daha ağır klinik göstəricilərə malik xəstələr ola bilər. Onu ağırlaşdıran amillər var. Xəstənin vəziyyəti sadəcə zədələnən sahənin ölçüsünə görə qiymətləndirilməməlidir.

G.Əliyeva açıq havada maska taxmaq məsələsinə də toxunub: “Açıq havada maska taxmaq ciyərlərimizin durumuna mane olmur. Bizim yanımızdan keçən hər bir kəs potensial COVID xəstəsidir. Pandemiya dövründə əksi sübut olunana qədər hər bir hal COVID-19-dur. Bu səbəbdən açıq havada da maska taxmaq məcburi oldu. Maskalar insanları boğmur, bu, psixoloji faktordur. Saturasiyanı yoxlasaq, hər birimizdə maska taxıldığı halda belə 98 faizdir. Maska heç kimə nəfəs almağa mane olmur, sadəcə allergiyası olanlarda hava quruluğu, boğazda qıcıqlanma kimi şikayətlər yarana bilər. Bunu da həmin şəxs tam tək olduğu məkanda su içərək bərpa edə bilər. Bu, maska taxmamaq üçün səbəb deyil, bəhanədir.

Hər zaman deyirik ki, ola bilər peyvənddən sonra da maskaya ehtiyac qalsın. Avropada qapalı məkanda hər kəsin maskataxma məcburiyyəti olan araşdırma aparıblar. Bunun yoluxma sayına ciddi təsiri görünmüşdü. İki insan maska taxırsa yoluxma ehtimalı 1 faiz təşkil edə bilər. Yəni, 100 insandan biri yoluxa bilər. Bu, böyük rəqəmdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.