CƏMİYYƏT
Həkim-rezident Avropa Radioloji Konqresində iştirak etmək hüququ qazanıb
Bakı, 9 dekabr, AZƏRTAC
Ölkəmizin müxtəlif xəstəxanalarında ayrı-ayrı ixtisaslar üzrə rezidentura təhsili alan 14 həkim “Rezidentlər danışsın” layihəsində araşdırmaları barədə təqdimatlarla çıxış ediblər.
Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, onların çıxışları peşəkar həkim-mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Mərkəzin professoru Əhməd Məmişin rəhbərliyi altında intervensional radiologiya və şüa diaqnostikası şöbəsinin həkim-rezidenti Nigar Bayramovanın hazırladığı “Böyrək damar xəstəliklərinin müalicəsində invaziv radiologiya” mövzusunda çıxışı birinci yerə layiq görülüb və 2020-ci ilin martında Avstriyanın paytaxtı Vyanada Avropa Radioloji Konqresində iştirak etmək hüququ qazanıb.