CƏMİYYƏT
Həkim-terapevt: Əhalinin 70 faizindən çoxu peyvənd olunduğu təqdirdə pandemiya bitə bilər
Bakı, 10 may, AZƏRTAC
Artıq əksər ölkələrdə yeni növ koronavirusa (COVID-19) yoluxma sayında ciddi azalma müşahidə olunur. Hətta karantin qaydalarını tamamilə ləğv edən ölkələr də var. Buna baxmayaraq pandemiya şəraiti hələ də davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə həkim-terapevt Sübhan Hacıyev məlumat verib.
Pandemiyanın adətən 1 ildən 3 ilə qədər davam edə biləcəyini vurğulayan həkim deyib: Səhiyyə müəssisələrində işin düzgün təşkili nəticəsində yoluxma sayı bir və ya ikirəqəmli ədədlərlə ifadə olunsa da, COVID-19 tam bitməyib. Az-az, tək-tək yoluxmalar olsa da, onun tam aradan qalxmağı barədə danışmaq hələ tezdir. Dünya və ölkə əhalisinin 70 faizindən çoxu üç doza peyvənd vurdurduğu təqdirdə onun tam bitdiyindən danışmaq olar”.
Ümumdünya Səhiyyə Təşkilatının ötən həftə açıqladığı statistikaya görə, dünyada koronavirusa yoluxmada 17 faiz, ölüm hallarında isə 3 faizlik azalma var.
Həkim-terapevt deyib: “Payız və qış ayları immun sisteminin zəifləməsi, bir sıra tənəffüs yolu və respirator xəstəliklərin baş qaldırdığı dövrdür. Həmin aylarda COVID-19-un fəallaşacağını güman etmək düzgün olmasa da, qrip virusunun A və B növləri daha çox artır. İmmun sisteminin zəifləyəcəyi fonunda koronavirusun artacağını söyləmək olmaz. Ölkəmizdə az da olsa, hələ də həmin virusa yoluxanlar var. Ona görə də özlərini xəstə və nasaz hiss edənlər maska taxsa, əhalinin sıx olduğu yerlərdən uzaq olsa, pandemiya təhlükəsi daha tez sovuşar”.
Pandemiya bitsə də, koronavirusla mübarizə həm fərdi, həm də toplum şəklində davam etdirilməlidir. Bəşəriyyətə iki ildən artıq narahatlıq yaradan təhlükədən qurtulmağın yeganə yolu bundan ibarətdir.