CƏMİYYƏT


Həkim-terapevt: Bu çətin, ağır savaş meydanından zəfərlə ayrılacağımıza inanıram

Bakı, 28 iyul, AZƏRTAC 

Tətbiq olunmuş sərtləşdirilmiş karantin rejimi müsbət nəticəsini verir. İnsanlarımız əvvəlki dövrdəki laqeydliyi, məsuliyyətsizliyi geridə qoyublar, böyük əksəriyyət maskadan, dezinfeksiyaedici məhlullardan istifadə edir.

AZƏRTAC xəbər verir ki, bunu koronaviruslu xəstələrin şəfa tapmasında birbaşa iştirak edən Sumqayıt şəhərindəki 3 saylı poliklinikanın həkim-terapevti Kəmalə Nəbiyeva deyib. O, bu il iyunun 10-dan Sumqayıt şəhər 1 saylı xəstəxanada könüllü şəkildə gözə görünməyən düşmənlə mübarizəyə qoşulub. Həkim deyib: “Koronavirusa yoluxan xəstələrin bəziləri xəstəxanaya kənardan yanlış müalicə aldıqdan və ağırlaşdıqdan sonra gəlir. Çox təəssüf ki, hələ də bəzi vətəndaşlar xəstəxanaya yalnız kritik vəziyyətdə, son anda müraciət etməli olduqlarını düşünürlər. Koronavirusdan ölüm halları əsasən yanaşı ağır xəstəlikləri olanlar və xəstəxanaya müraciəti gecikdirənlər arasında qeydə alınır. Xəstəxanaya nəfəs ala bilməyənləri, boğulma sindromu olanları daha çox gətirirlər. Çox xəstələrdə qorxudan spazma, boğulma müşahidə olunur. Adi bir şok xəbər alanda, qorxanda sağlam insan belə təngnəfəs olur, təzyiqi “oynayır”, havası çatmır, saturasiyası düşür. Koronavirusa yoluxan insanlarda virusun ağciyərləri zədələməsi ilə yanaşı, həyəcan, stress fonunda xəstədə spazmalar, boğulma daha da artır”.

K.Nəbiyeva indiki tibb müəssisəsinə gəldiyi ilk gündən neçə-neçə ağır xəstənin sağalıb evinə, ailəsinə qovuşmasında fədakarlıq göstərib: “İlk vaxtlar bu vəziyyətə dözə bilmirdim, xəstələrin əzablarını onlarla bərabər çəkirdim. Lakin ilk xəstələrim sağalanda artıq qorxularım da azaldı, ürəkləndim, pandemiyaya qarşı daha cəsarətlə mübarizə aparmağa başladım.

Xəstələrimiz evə gedəndə bizi qucaqlaya, öpə bilmirlər, amma bunu elə arzulayırlar ki ... Bizim üzümüz daim maskada, eynəkdə olur. Xəstələr bizim üzümüzü görmək, onları müalicə edən həkimlərin kim olduğunu bilmək istəyirlər”.

Həkim-terapevt xəstələrin yoluxma yollarından danışaraq deyib: “Hazırda yoluxmalar əsasən evlərdə, ailə içində baş verir. Dizindən əməliyyat olan, iki aydır evdən çıxmayan şəkərli diabet xəstəsinə virus qızından keçmişdi. Bu, onu göstərir ki, evdən çölə çıxmayan yaşlıları ailənin marketə, işə gedən üzvləri – oğlu, gəlini, hətta, balaca nəvəsi yoluxdura bilir. Unutmayaq ki, COVID-19 pandemiyası ilə də savaşımız davam edir. Həkimlərimiz həyatları, sağlamlıqları bahasına xəstələrin şəfa tapmasına çalışırlar. Erməni vandalları ilə müharibədə olduğu kimi, gözə görünməyən düşmənlə mübarizədə də ayıq-sayıq olmalıyıq. Bir sözlə, bu təhlükəli virusa qarşı hər birimiz diqqətli olmalıyıq. Kütləvi şəkildə toplanmamalı, vətəndaşların sıx olduğu yerlərdə sosial məsafəni qorumalı, tibbi maskadan istifadə etməliyik. Bu çətin, ağır savaş meydanından zəfərlə ayrılacağımıza inanıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.