CƏMİYYƏT
Həkim və orta tibb işçiləri üçün COVID-19 infeksiyası ilə mübarizə mövzusunda onlayn təlimlər keçirilir
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilir.
Səhiyyə Nazirliyinin xüsusi göstərişi ilə ölkədə infeksiyanın yayılması ilə bağlı hazırkı vəziyyəti nəzərə alaraq, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) həkim və orta tibb işçiləri üçün xüsusi onlayn təlimlər həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlərin məqsədi koronavirusla mübarizə aparan və ən çox təhlükə altında olan həkim və orta tibb işçilərindən ibarət olan maksimal geniş auditoriyanı virus və ondan qorunma yolları haqqında məlumatlandırmaq, əks-epidemik tədbirlər hazırlamaqdır.
ADHTİ-də keçirilən bu aktual mövzuda onlayn kursların ilkin mərhələsində təlimlərə Bakı şəhərində yerləşən 79 poliklinikada çalışan 2100 həkim və orta tibb işçisi cəlb olunub. Artıq bir neçə gün ərzində davam edən qısamüddətli onlayn kurslarda koronavirus infeksiyasına yoluxmuş xəstələrlə daim təmas edən tibbi heyətə COVID-19 xəstəliyi, onun hazırda mövcud olan müalicə sxemləri haqqında ən aktual məlumat təqdim olunub, qarşıya çıxan problemlərin həlli yolları açıqlanıb.
Ümumi kurslarla yanaşı, xüsusi olaraq, kiçik tibb işçiləri üçün əks-epidemik və biomühafizə tədbirləri və pandemiya şəraitində tətbiq edilən karantin rejiminin qaydalarına həsr olunmuş təlimlər də təşkil olunub. Artıq 800 nəfər tibb işçisi bu onlayn kursları dinləyib, təlimlərdə iştirak edib.
Qeyd edək ki, onlayn şəkildə keçirilən kurs və təlimlər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Yoluxucu xəstəliklər, Mikrobiologiya və Epidemiologiya, Terapiya və Pediatriya kafedralarının aparıcı əməkdaşlarının iştirakı ilə istirahət günləri də daxil olmaqla hazırda davam etdirilir.