REGİONLAR
Həkimlər pasiyentlərin müraciətlərinə həssas yanaşmalıdır
Şamaxı, 20 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi mayın 20-də Şamaxıda treninq keçirib.
AZƏRTAC xəbər verir ki, Şamaxı Müalicə və Diaqnostika Mərkəzində təşkil olunan treninqdə Şamaxı, Ağsu və Qobustan rayonlarındakı xəstəxanaların baş həkimləri, müavinlər və mütəxəssislər iştirak ediblər.
Treninqi açan Səhiyyə Nazirliyinin sektor müdiri Elxan Əzizov qeyd edib ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığı və vahid metodologiyanın tətbiqini təmin etmək məqsədi ilə keçirilən bu cür tədbirlər Azərbaycanın bütün bölgələrini əhatə edəcək.
Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyinin sədr müavini Qorxmaz Ağayev, Səhiyyə Nazirliyinin hüquqşünası İntiqam Hacıyev müvafiq olaraq “Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsi mexanizmləri” və “Şikayətlərin araşdırma taktikası barədə praktiki tövsiyələr” mövzularında çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, şikayətlərin hüquqi həlli, tibb işçilərinin öz hüquqları ilə yanaşı, pasiyent hüquqlarını da öyrənmələri, onlarla düzgün ünsiyyət qurmaları çox vacibdir. Diqqətə çatdırılıb ki, Səhiyyə Nazirliyinin 2012-ci il 19 sentyabr tarixli əmri ilə təsdiq olunan “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nda onların hüquq və vəzifələri ətraflı şəkildə tənzimlənib və hər bir həkimin təlimatı bilməsi vacibdir.
Tədbirdə hüquqi biliklərin mənimsənilməsinin, münasibətlərdə şəffaflıq və açıqlığın gözlənilməsinin daim diqqətdə saxlanılmasının zəruriliyi qeyd olunub.
Treninqdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.