CƏMİYYƏT
“Həkimlər valideynlərin dili ilə” layihəsi təqdim edilib
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də “ABC Tədris və İnkişaf Mərkəzi”nin təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sosial məsələlər üzrə komissiyasının dəstəyi ilə “Həkimlər valideynlərin dili ilə” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dəmir yolu Xəstəxanasının həkimi Leyla Həsənova layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, məqsəd valideynlə həkim arasında münasibətləri inkişaf etdirməkdir.
AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva gələcəyimiz olan uşaqlara göstərilən dəstəyin daim diqqət mərkəzində olmasının zəruriliyini qeyd edib. Qeyd edib ki, assosiasiyada bir neçə sosial komissiya yaradılıb. Məqsədimiz qadınların bir-biriləri ilə yaxın olması, birgə layihələrinin həyata keçirilməsinə dəstək olmaqdır.
Digər çıxış edənlər bildiriblər ki, tibdə istifadə olunan terminlər, dərman və xəstəlik adları, reseptlərin yazılışı sadə vətəndaşın anlamasında çətinlik yaranır. Məqsəd xəstəliklər, onların səbəbləri və fəsadları barədə valideynləri məlumatlandırmaq, onların həkimlərlə canlı sual-cavabda iştirakını təşkil etməkdir.