CƏMİYYƏT
Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi davamlı tibbi təhsil kursları vasitəsilə aparılır
Bakı, 18 sentyabr, AZƏRTAC
Bu il iyunun 20-də Səhiyyə Nazirliyinin 45 nömrəli əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, həmin Qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.
Davamlı tibbi təhsil (DTT) praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesidir. DTT ali tibb təhsilini təsdiq edən sənədin verildiyi gündən başlayır və həkimin peşəkar fəaliyyəti dövrü davam edir.
DTT təkmilləşdirmə kursları və toplanma sistemi metodlarından birgə və yaxud ayrılıqda istifadə edilməklə aparılır. Qaydalarda göstərilən zəruri miqdarının hesablanması davamlı tibbi təhsil kreditləri vasitəsilə həyata keçirilir.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu kursları əyani və distant formada aparır. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə qeydiyyata alınmış DTT üzrə tədris, yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil DTT fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir. DTT üzrə tədris və elmi tədbirlər, proqramlar Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında qeydiyyata alınır.
Təsdiq edilən qaydalara əsasən, sertifikasiyaya və ya təkrar sertifikasiyaya qədərki dövr (sertifikasiya dövrü) ərzində həkim hər il orta hesabla 48 kredit olmaqla minimum 240 kredit toplamalıdır. Sertifikasiya dövründə DTT-nin minimal zəruri miqdarının toplanması həkimin sertifikasiya prosesinə buraxılması üçün mütləq şərtdir. Sertifikasiya dövrü ərzində toplanmış kredit vahidlərinin yekun hesablanması və təsdiqi mərkəzləşmiş qaydada Səhiyyə Nazirliyinin Sertifikasiya Şurasında aparılır.
Həkimin sertifikasiya dövrü ərzində DTT üzrə fəaliyyəti onun növbəti təqvim ili üçün nəzərdə tutulmuş fərdi peşəkar inkişaf planı əsasında həyata keçirilir və təqvim ili başa çatandan sonra peşəkar inkişafın illik hesabatında əks olunur.