SİYASƏT


Helmi Al-Hadidi: Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dünya birliyində ona etimadın və onun yüksək nüfuzunun təsdiqidir

Qahirə, 19 sentyabr, AZƏRTAC

Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XVIII zirvə görüşünün Bakıda keçirilməsi və bu qurumda sədrliyin Azərbaycana verilməsi haqqında yekdilliklə qəbul edilmiş qərar bu ölkəyə böyük etimad və hörmət bəslənməsinə, dünya birliyində onun böyük nüfuzuna dəlalət edir.

Asiya və Afrika ölkələri xalqlarının həmrəyliyi təşkilatının sədri, Qoşulmama Hərəkatında müşahidəçi, qarşıdakı zirvə görüşünün işində iştirak edəcək Helmi Al-Hadidi bu fikri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə səmərəli və ölçülüb-biçilmiş xarici siyasət yürüdür və bu gün Azərbaycan həqiqətən beynəlxalq aləmdə fəal rol oynayır.

Helmi Al-Hadidi bildirib ki, Azərbaycan bu qurumda sədrliyi çərçivəsində Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun artmasına şərait yaradacaq. Bu, müasir dünyada son dərəcə zəruridir. Müasir dünyada yeni reallıqlar və müxtəlif ciddi çağırışlarla üzləşdiyimiz şəraitdə fundamental “Bandunq prinsipləri” xüsusi əhəmiyyət kəsb edir. Ölkələr arasında münasibətlərin nizamlanmasının əsası olan bu prinsiplər heç vaxt indiki qədər aktual olmayıb, yeni çağırışların öhdəsindən yalnız dostluq, əməkdaşlıq və həmrəylik yolu ilə gəlmək olar, bu, bütün dünyada sülhü və sabitliyi təmin edəcək. Qoşulmama Hərəkatında sədr kimi Azərbaycan “bandunq ruhu”nun irəlilədilməsində və bu təşkilatın fəaliyyətinə yeni impuls verilməsində xüsusi rol oynayacaq.

Agentliyin müsahibi əmin olduğunu bildirib ki, Azərbaycan bu məsələnin öhdəsindən ən yüksək səviyyədə gələcək. O, ümidvar olduğunu bildirib ki, qarşıdakı illərdə təşkilat Dağlıq Qarabağ münaqişəsinin və Yaxın Şərqdəki digər həll edilməmiş münaqişələrin ədalətli yolla nizamlanmasına şərait yaratmaq imkanı əldə edəcək. Bununla əlaqədar o, Qoşulmama Hərəkatının iştirakçıları olan bütün 120 dövlət tərəfindən Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin dəstəklənməsini xatırladıb. O vurğulayıb ki, Misir müxtəlif münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin də ədalətli və sülh yolu ilə nizamlanmasına həmişə tərəfdar olub.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatında sədrlik çərçivəsində gözlənilir ki, Azərbaycan təşkilatın üzvləri olan xalqlar arasında həmrəylik və dostluğun möhkəmlənməsinə, bu ölkələr arasında qarşılıqlı ticarətin təşviqinə, müxtəlif sahələrdə təcrübə mübadiləsinə şərait yaradacaq, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa, birgə təşəbbüslərin reallaşmasına kömək edəcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.