İDMAN
Helmut Marko: Ferstappenlə Rikkardo arasında Bakıda baş vermiş qəzanın Danielin komandadan ayrılmasına təsiri olub
Bakı, 6 may, AZƏRTAC
“Red Bull Racing” komandasının avtoidman üzrə müşaviri Helmut Marko Daniel Rikkardonun “Renault” komandasına keçməsini şərh edib. O, Formula 1 çempionatının 2018-ci il Azərbaycan Qran-Prisində komanda pilotları arasındakı qəzanın avstraliyalının qərarına təsiri olduğunu etiraf edib.
AZƏRTAC xəbər verir ki, “GPFans” Markonun bu sözlərini sitat gətirir: “Mercedes” və “Ferrari”nin qapıları Danielin üzünə bağlı idi. Biz bunu hiss etdirməsək də, pilotların Bakıdakı qəzasından sonra Daniellə bizim də münasibətlərimiz gərginləşmişdi. Danielin fikrincə, komanda bu mübarizəyə qəza baş verənədək müdaxilə etməli idi. Sonda məhz Daniel Maksa çırpılmışdı.
Hər nə baş versə də, Rikkardo 10 il ərzində bizimlə olub və proqram onun qayğısına qalıb. Onun nəyə görəsə narahat olması üçün əsas yox idi. Lakin müəyyən anda o, hər şeyi qəfildən dəyişmək istədi”.
Rikkardo ilə Ferstappen arasında 2018-ci ildə Bakıda baş verən qəzanın epizodunu Formula 1 çempionatının “Twitter”dəki rəsmi səhifəsində izləmək mümkündür.