SİYASƏT
Helqa Şmid Rusiyanın ATƏT-in Qarabağ üzrə Minsk qrupunun işində iştirakına görə təşəkkürünü bildirib
Moskva, 21 iyun, AZƏRTAC
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun fikrincə, Ermənistanda seçkilərin nəticələrinin Qarabağda vəziyyətə təsirini Ermənistanda hökumət formalaşandan sonra şərh etmək mümkün olacaq.
AZƏRTAC xəbər verir ki, RF XİN başçısı bu fikri ATƏT-in Baş katibi Helqa Şmid ilə danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında söyləyib.
S.Lavrov deyib: “Seçkilər təzəcə başa çatıb. Onun nəticələrinin yeni şəraitdə siyasi həyata necə təsir göstərəcəyi hələ aydın deyil. Gəlin orada hökumət formalaşana qədər gözləyək”.
Nazirin fikrincə, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan bəyanatları yerinə yetirilir.
Eyni zamanda, ATƏT-in Baş katibi Helqa Şmid ATƏT-in Qarabağ üzrə Minsk qrupunun işində iştirakına görə Rusiyaya təşəkkürünü bildirib.
H.Şmid deyib: “Biz Minsk qrupunun və onun həmsədrlərinin Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması ilə bağlı işini müzakirə etdik. Rusiyanın bu işi davam etdirməsinə görə ona təşəkkür edirik və ümidvarıq ki, onun iştirakı və işi davam edəcək. Hesab edirik ki, bu, mövqelərin yaxınlaşması, sülhə nail olmaq üçün münasib məkandır”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva