MƏDƏNİYYƏT
Helsinkidə tanınmış bəstəkar Rauf Hacıyevin 100 illik yubileyi qeyd olunub VİDEO







Helsinki, 26 sentyabr, AZƏRTAC
Finlandiyanın paytaxtında tanınmış Azərbaycanın Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illik yubileyi qeyd olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Helsinkidə yerləşən Finlandiya Teatr Muzeyində baş tutan tədbirdə, əvvəlcə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi və Azər-Türk Gənclər Təşkilatının rəhbəri Ülviyyə Cabbarova çıxış edərək, keçirilən tədbirin mahiyyətindən danışıb. Tanınmış mədəniyyət və dövlət xadimi, beynəlxalq səviyyədə tanınan bəstəkar, Xalq artisti Rauf Hacıyevin mədəniyyətimizdəki yeri haqqında bəhs edən diaspor fəalı, bu böyük şəxsiyyətin musiqimizin xəzinəsinə qoyduğu mirasın əhəmiyyətini vurğulayıb.
Daha sonra çıxış edən Helsinkidə yaşayan Azərbaycanın Xalq artisti Rauf Hacıyevin qızı Natella xanım, Azərbaycan hökumətinə belə bir tədbirin Helsinkidə təşkil olunmasına verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Atasının keçdiyi şərəfli həyat yolu haqqında bəhs edən Natella xanım, Rauf Hacıyevin yaradıcılığının ölkəmizin mədəni həyatında tutduğu vacib yeri xüsusi ilə qeyd edib.
Daha sonra tədbir iştirakçılarına Rauf Hacıyevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Tədbirin bədii hissəsində, musiqiçi Əbuzər Manafzadə pianoda, beynəlxalq müsabiqələr laureatları, vokalistlər Orxan Cəlilov və Karen Danger-Manafzade, Rauf Hacıyevin bəstələdiyi bir sıra mahnıları ifa edərək, qonaqlara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, əsas tədbir ilə yanaşı mərasimin keçirildiyi Teatr Muzeyində qonaqlara İrəvanin qədim məhəllələrindən biri olan və hazırda dağıntılara məruz qalan Təpəbaşı məhəlləsi haqqında fotosərgi nümayiş olunub.
Mərasimdə Helsinkidə səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev, ölkəmizin İsveç və eyni zamanda, Finlandiyadakı səfirliyinin müşaviri Cavanşir Məmmədov, Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakar və bu ölkədə yaşayan Azərbaycan və türk diasporlarının fəalları və yerli ictimaiyyət nümayəndələri iştirak edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki