REGİONLAR


Həm öyrəndilər, həm əyləndilər, həm də peşələrini seçdilər – Peşələr festivalı Lənkəranda VİDEO

Lənkəran, 20 may, İsmayıl Cəfərli, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr festivalının növbəti dayanacağı Lənkəran şəhəri olub. “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçirilən festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə görərək əldə etmək fürsəti yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, festivalda Agentliyin idarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak ediblər. Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib. Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcəklər.

Dövlət Məşğulluq Agentliyinin idarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev deyib: “Bizim üçüncü dayanacağımız Lənkəran şəhəri oldu. Lənkəran təsadüfən seçilməyib. Bu şəhər Azərbaycanın dilbər guşələrindən biridir. Uşaqların gələcək peşələrə yönləndirilməsi, həm də müstəqil peşə seçməsi çox vacib məsələdir. Bu gün biz 10 peşə üzrə mütəxəssisləri bura cəlb etmişik. Həmin mütəxəssislər gənclərə lazımi məlumatları verib, dəstək olacaqlar. Onlar peşə sahələri üzrə inkişaf etməyin yolları, gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə edəcəklər. Daha sonra həmin şəxslər bu sahədə qısa bir zaman ərzində mütəxəssisə çevriləcəklər”.

Qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vorkşoplar keçirilib.

Festivalın ekspertlərindən biri də modelyer-dizayner Xatirə Baharova idi. Onun sözlərinə görə, illər öncə dövlət işində çalışmasına baxmayaraq, uşaqlıqdan modelyer-dizayner olmaq istəyib. “Bu gün çox məmnunam. Sevdiyim işlə məşğul oluram. Bu festivalda işsiz və iş axtaran vətəndaşlara, yaxud da öz peşəsindən razı olmayan, başqa peşəyə yönəlmək istəyən vətəndaşlara məsləhətlərimi verəcəyəm. Sakinlərin böyük marağı var. Bu, 3-cü festivaldı ki, biz iştirak edirik. Mən bütün xanımlara deyirəm ki, dərzilik sənəti xanımlara uyğun və günümüzdə daha çox tələbat olan peşədir. Əgər onların bu sahəyə marağı varsa, buyurub gəlsinlər. Biz də onlara əlimizdən gələn dəstəyi göstərəcəyik. Bundan sonra onlar həm özəl, həm dövlət müəssisələrində çalışa biləcəklər. Həmçinin müstəqil olaraq öz bizneslərini qura bilərlər”, - deyə modelyer-dizayner əlavə edib.

Doqquz ildir qənnadçı, şirniyyatçı, müəllim kimi çalışan 27 yaşlı gənc aşpaz Cəlulla Cəlullazadə bu peşəyə maraq göstərənlərə tövsiyələri var: “İşsizsinizsə, yaxınlaşın DOST agentliyinə, Dövlət Məşğulluq Agentliyinə. Könülünüzdən keçən bir peşəni seçin. Fərq etməz aşpaz, bərbər, dərzi və digər peşələri öyrənin. Onlara sahib olun. İki-üç aylıq proqramlarla təmin olunacaqsınız. Proqram əsasında bu peşələrə savadlı və mükəmməl şəkildə öyrənib, özünüzə iş tapıb, biznesinizi qurun”.

Festivalda iştirak edən yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanıb, təqdim olunan peşənin tanınmış mütəxəssisləri ilə görüşüb, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olublar. Öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalanıb, müfəssəl bilgilər əldə ediblər.

Qeyd edək ki, növbəti festival mayın 21-də Şirvanda keçiriləcək. Festivalda iştirak ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.