REGİONLAR
Həmid Arzulu çoxşaxəli yaradıcılığa malik yazıçı olub
Naxçıvan, 13 may, AZƏRTAC
Yazıçı, pedaqoq, tərcüməçi, filologiya elmləri doktoru Həmid Arzulu poeziya sahəsində çoxşaxəli yaradıcılığa malik bir insan olub. İctimai-siyasi mövzuda qələmə aldığı şeir və poemalar bunu bir daha təsdiq edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Həmid Arzulunun anadan olmasının 85 illiyi münasibətilə keçirilən tədbirdə kitabxananın direktoru Tamella Əsgərova deyib. Bildirib ki, Həmid Arzulu həm də tərcüməçi kimi fəaliyyət göstərib, alman klassik şairlərinin əsərlərini dilimizə tərcümə edərək nəşr etdirib. O, alman dilindən bədii tərcümə sahəsində geniş tədqiqat aparan və bu sahədə dissertasiya müdafiə edən ilk alimlərimizdən biridir.
“Həmid Arzulunun həyatı və yaradıcılığı” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı-şair Asim Əliyev qeyd edib ki, Naxçıvanın qəhrəmanlıq tarixini müntəzəm olaraq ədəbiyyatımıza gətirməkdə Həmid Arzulunun xidməti təqdirəlayiqdir. Həmid Arzulunun bir sıra əsərləri azadlıq, müstəqillik uğrunda mücadiləmizə, görkəmli ziyalılarımızın 1937-ci illər repressiyasına və erməni faşistlərinin bu torpaqlarda törətdikləri qanlı cinayətlərə və deportasiyalara həsr edilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov və kitabxananın Komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova Həmid Arzulunun dramaturgiyasından danışıb, onun pyeslərinin Naxçıvan teatr səhnəsində yer almasından söz açıblar. Bildirilib ki, görkəmli dramaturqun Naxçıvan Dövlət Milli Dram Teatrında 6 əsəri, o cümlədən “İnam” pyesi, “Əlincə qalası” tarixi dramı, “İtilən xəncərlər” tarixi pyesi, “Mərhəmət məhəbbət deyil” və “Əshabi-Kəhf” mənzum dramları uğurla tamaşaya qoyulub.
Sonda tədbir iştirakçıları Həmid Arzulunun kitablarından ibarət sərgiyə baxıblar.