MƏDƏNİYYƏT


Həmidə xanım Cavanşir - Qarabağın xeyirxah “Dəmir ledi”si

Bakı, 16 sentyabr, AZƏRTAC

Tarixin bütün dövrlərində, hətta ən keşməkeşli hesab edilən anlarında belə Azərbaycanın istər tarixində, istərsə də mədəniyyətində igidliyi, mərdliyi, cəsarəti, xeyirxahlığı, elmi ilə heç də kişilərdən geri qalmayan qadınların adları həkk olunub. Belə tarixi simalardan biri də dövrünün görkəmli ictimai xadimi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşir olub.

AZƏRTAC Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyindən hazırladığı yazını təqdim edir.

1873-cü ildə Kəhrizli kəndində dünyaya gələn və Azərbaycanın ilk maarifçi qadınlarından biri hesab edilən Həmidə xanım tarixçi Əhməd bəy Cavanşirin qızı, Cəlil Məmmədquluzadənin isə həyat yoldaşı olub. Əhməd bəy Cavanşir kimi ziyalının ailəsində dünyaya gələn bu xanım Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına atası qədər can yandırmış, böyük töhfələr vermişdir.

Zəmanəsinin görkəmli maarifçisi, daim yeniliyi, mədəniyyətin təmsilçisi olan Əhməd bəy Cavanşir, eyni zamanda məşhur “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərinin müəllifidir. Belə bir alicənab şəxsin evində doğulan övlad kimi Həmidə xanım öz təhsili, rus dili biliyi, intellekti və dünyagörüşü ilə təbii ki, digər xanımlardan xeyli dərəcədə fərqlənirdi.

Həmidə xanımın ilk evliliyi həyat yoldaşı, podpolkovnik İbrahim bəy Davatdarovun cəbhədə həlak olması ilə nakam sonlanır. Bu hadisədən sonra Həmidə xanım Kəhrizliyə - ata mülkünə geri dönür. Bir müddət sonra o, Tiflisdə olarkən Cəlil Məmmədquluzadə ilə tanış olur və bu tanışlıq qəlbi Azərbaycan ilə döyünən iki fədakar insanın, ziyalının, maarifpərvərin izdivacı ilə nəticələnir. Hansı ki, bu izdivac, sözün əsl mənasında XX əsr Azərbaycan mədəniyyəti, xüsusilə ədəbiyyatı və mətbuatı üçün bir işıq oldu. Onların ailə qurmasına böyük narazılıqlar olsa da, Həmidə xanım bunun öhdəsindən gələrək Mirzə Cəlilə həm sadiq həyat yoldaşı olur, həm də ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi olur. Bu iki işıqlı insan birlikdə dövrünün ən çətin zamanında nadanlıqla mübarizə aparmış, öz amallarından dönməmiş, bir-birinə dayaq olmuşlar. Ən əsası isə bizə “Molla Nəsrəddin” boyda mədəni irs yadigar qoymuşlar. Hətta Həmidə xanım özünün 70-dən çox 12 vərəqli dəftərə yazdığı və çapı qadağan edilən “Xatirələrim” adlı əsərində Qarabağın o dövrkü vəziyyəti, atası böyük maarifçi Əhməd bəy Cavanşir, ömür yoldaşı Mirzə Cəlilin həyatı və yaradıcılığını, “Molla Nəsrəddin”in Təbriz həyatını, ətrafındakı böyük insanların hekayətlərini gələcək nəsillərə ötürmək istəmişdi. Bu əsərin çapının qadağan edilməsinə səbəb Həmidə xanımın Mir Cəfər Bağırovun istəyi ilə həmin əsərdə Qarabağdakı bolşevik fəaliyyətindən yazmaması olub. Onun bu istəyə cavabı isə belə olur: “Mən görmədiklərimi yaza bilmərəm”.

Demək olar ki, bütün Qarabağ əhalisinə çoxsaylı yardımlar edən, əl uzadan, arxa duran Həmidə xanım buna görə bəlkə də bütün həyatı boyu çətinliklərlə mübarizə aparmalı olmuşdur.

Qarabağın xeyirxahlıq işığı...

Kəndə iki kəhriz çəkdirən Həmidə xanım ona müraciət edən heç kəsi naümid qoymurdu. O, Novruz bayramında böyük el şənliyi qurar, hər kəsə bayram sovqatı paylayardı. Qurban bayramında da hər bir ailənin payı hökmən verilirdi. Hər zaman əhalinin ümid yeri olan Həmidə xanım Cavanşir çəkinmədən öz varidatını el-obasının əhalisi yolunda xərcləyib. Bölgədə xəstəliklər kütləvi yayılanda isə özü şəxsən kəndin körpələrini faytonu ilə mərkəzə aparıb, onlara peyvənd vurduraraq sağalmalarını təmin edib.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və özü də burada dərs deyib. O, xatirələrində yazırdı ki, “kənddə oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi”. Həmidə xanım qadınların problemlərinin həllinə, onların savadlanmasına xüsusi səy göstərib, hətta gəlin köçən qızlara da cehizlik hədiyyələr ayırıb. Bu xeyriyyəçi xanımın yardımlarına dövrünün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyev və ictimai xadim, siyasətçi Əhməd bəy Ağaoğlu da dəstək olublar.

1905-ci ildə Qarabağda qıtlıq zamanı Həmidə xanım müsəlman kəndləri ilə yanaşı, ac erməni kəndlərinə də yardım edirdi. Axı bu xeyirxah insan nə bilərdi ki, ermənilər Qarabağa belə dönük çıxa, bu torpaqlarda gözləri ola. Vəhşiliklərindən geri qalmayan ermənilər bu yaxşılığın əvəzində onlara ac vaxtı yardım aparan kəndləri yandırıb məhv etdilər.

Bu böyük qəlbli xanım həm də o dövrün yardım ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Belə ki, ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alıb. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında dahi Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazıb. Məqalənin son sözlərini oxuduqca acı həqiqət insanın qəlbini eyni anda həm təəssüf, həm də təqdir hissləri ilə dolub-daşırır: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”.

Mirzə Cəlil Məmmədquluzadə və Həmidə xanım

Təbii ki, Həmidə xanımın el-obası üçün etdiyi yaxşılıqları yüksək qiymətləndirir və qürurla sadalayırıq. Ancaq bu xeyriyyəçi qadın həm də təhsilli olduğu üçün anlayırdı ki, bütöv bir xalqın yüksəlişi elmlə, savadla, təhsillə, ədəbiyyat və mədəniyyətlə mümkündür. O həm də nadanlığa, cahilliyə, savadsızlığa qarşı mübarizədə qabaqcıl maarifçilik flaqmanı olan “Molla Nəsrəddin”in xeyirxah himayədarı olmuşdur. O, bütün varidatını, sərvətini jurnalın və həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edib. Bu jurnal xalqın mədəni və ictimai intibahında mühüm amil olub. Bu nailiyyətlərin müəllifi olan Mirzə Cəlil daim vurğulayıb ki, onun uğurlarında Həmidə xanım Cavanşirin böyük payı var.

Həmidə xanım haqqında daha bir həqiqət onun Azərbaycan tarixində ilk məruzəçi qadın olmasıdır. Belə ki, 1912-ci ildə Tiflisdə Zaqafqaziya Seymində Həmidə xanım iri mülkədar kimi Qarabağı təmsil edirdi. Həmin Seym üçün onun çıxışını həyat yoldaşı Cəlil Məmmədquluzadə redaktə edir. Hətta zarafat üçün Mirzə Cəlil xanımına deyir: “Arvad da doklad edər?”.

Həmidə xanımın xatirələrində Nuru Paşa...

Türkəm deyənin, türkün dostuyam söyləyənin dili boğazından çıxarılan bir vaxta Həmidə xanım xatirələrində belə yazırdı: “Təqribən mayın ortalarında Mirzə Cəlil adəti üzrə Ağdama getdi. Axşamçağı isə evə tanımadağımız bir gənclə qayıtdı. Sən demə, bu, Nuru Paşa imiş. Cəlil onunla Ağdamda tanış olmuşdu. Sözarası Paşa ona demişdi ki, iki aydır istirahət görmür, çox yorğundur. Paşa çox istəyirmiş ki, haradasa bir az dincəlsin. Belə də Mirzə Cəlil Paşanı kəndə dincəlməyə dəvət edir və onlar birlikdə gəlirlər.

Nəhayət, söz-söhbət dolaşdı ki, türklər gəlirlər. Türklər ölkədə nizam-intizam yaratmaq və Şuşa yolunu açmaq üçün gəlirdilər. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük qarşılama tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyində bir neçə zəfər tağı bəzədilmişdi. Bu zəfər tağlarından birini Şuşa qadınları adından mən ucaltmışdım. Ağ kəlağayımın üzərinə tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şüar yazmışdım: “Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana - Şərq istiqlal qazanacaq!”.

82 illik ömrün böyük hissəsini xalqına, el-obasına, inandığı həqiqətə, mübarizəyə sərf edən bu dəyərli Azərbaycan qadını 1955-ci il 6 fevral tarixində gözlərini əbədi yumdu. Lakin geriyə xatirələrdə yaşayan və hər zaman haqqında danışılacaq ibrətamiz həyat hekayəsi qaldı. Bir də öz sərvətindən keçərək himayədar olduğu və bizlərə miras qoyduğu “Molla Nəsrəddin”. Rahat uyu, ey amalı Vətənin işıqlı istiqbalı olan Həmidə xanım Cavanşir! Min illər keçsə də bu xalqın övladları hər zaman xalqın üçün döyünən ürəyinin səsini duyacaq və sənin yolunla gedəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.