İQTİSADİYYAT
Həmidrza Təyyubi: XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi yüksək səviyyədə təşkil edilib
Tehran, 1 iyun, AZƏRTAC
Bakıda keçirilən XXV yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi yüksək səviyyədə təşkil edilib. Belə tədbirlər müxtəlif ölkələrin şirkətlərinə əlaqələr qurmaq və iqtisadi inkişafa kömək etmək imkanı yaradır. İran da neft və qaz istehsal edən ölkədir. Bu sahə ilə əlaqədar İranda yüzlərlə elmi mərkəzlər var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən XXV Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak edən İranın Təhsil, Tədqiqat və Mədəniyyət üzrə Akademik Mərkəzin rəhbəri Həmidrza Təyyubi deyib.
Onun sözlərinə görə, iki qonşu və dost ölkənin əlaqələrinin daha da yaxınlaşması üçün böyük potensial var: “Dövlət başçıları siyasi iradə nümayiş etdirərək qarşılıqlı münasibətləri inkişaf istiqamətinə yönəldiblər. Azərbaycanın iqtisadi inkişafı bir qonşu dövlət kimi bizi çox sevindirir. İqtisadi inkişaf əməkdaşlıq üçün böyük zəmin yaradır”.
H.Təyyubi Bakıda olduğu müddətdə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə görüşdüyünü bildirib. Hər iki görüşdə əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran