QAN YADDAŞI
Həmişə nisgillə üz tutduğumuz Şəhidlər xiyabanını indi başımızı dik tutaraq ziyarət edirik
Bakı, 20 yanvar, AZƏRTAC
Bu gün Azərbaycan tarixinə qanla yazılan 20 yanvar şəhidlərinin anım günüdür. Şəhidlərimizin əziz xatirəsini yad etmək üçün hamı əlində qərənfil xiyabana axışır. Üstündən 31 il keçsə də, qanlı şənbə gecəsi Bakı küçələrində gurlayan topların, tankların səsi, sinəsi gülləyə nişangah olan gənclərin və uşaqların, günahsız adamların harayı hələ qulaqlardan getməyib. Hər dəfə həmin gecəyə şahidlik edən küçə və meydanlardan adlayanda, qan dənizinə dönən yollardan keçəndə, gülləbaran edilən evlərin, binaların qarşısından ötəndə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin dəhşətləri yada düşür. İllər bizi həmin hadisələrdən nə qədər uzaqlaşdırsa da, günahsız qurbanların gülləyə tuş gələn taleyinə acıyırıq, qəlbimiz qan ağlayır, gözümüzdə yaş gilələnir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri yanvarın 20-də Şəhidlər xiyabanının ziyarətçilərindən olan filologiya elmləri doktoru, yazıçı Nizami Muradoğlu söyləyib.
N.Muradoğlu deyib: “O gecə Azərbaycan paytaxtı və onun sakinləri çox böyük məhrumiyyətlərlə üzləşdi. Zaman sübut etdi ki, xalqın azadlıq arzusunun, müstəqillik istəyini heç nə boğa bilməz. Həmin gecədən başlanan yol xalqımızı öz istəyinə - müstəqilliyinə qovuşdurdu.
Ötən ilin payızında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində əldə etdiyi böyük Zəfər nəticəsində erməni işğalı altında olan torpaqlarımız, Qarabağ azad edildi. Bu müharibədə də şəhidlərimiz oldu. Azadlıq qanla qazanılır. Lakin biz bu gün şəhidlərimizi anarkən kədərləndiyimiz kimi, həm də təskinlik tapır, qürur hissi keçiririk. Bu qələbə şəhidlərimizin qanıyla yazıldı, amma Azərbaycan xalqının tarixinə şanlı bir səhifə açdı.
Qarabağ torpağının öz tarixi sahiblərinə qayıdışı 20 Yanvar gecəsinin günahsız qurbanlarının əziz və unudulmaz ruhu qarşısında bir dinclik və rahatlıq yaradır. Həmişə nisgillə üz tutduğumuz Şəhidlər xiyabanını indi başımızı dik tutaraq ziyarət etdik.