CƏMİYYƏT
Həmişəyaşıl ağacların erkən yazda əkilməsi məqsədəuyğundur
Bakı, 20 fevral, AZƏRTAC
Son 200 ildə dünyada meşələrin sayı iki, Azərbaycanda isə dörd dəfə azalıb. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Yəni, meşələrdə ancaq səhiyyə qırıntısına yol verilə bilər. Hansı dövlətin ərazisində meşələrin sahəsi ölkə ərazisinin 20 faizdən azını təşkil edirsə, o ölkədə meşələr birinci qrupa aid edilir. Ölkəmizin ərazisinin 11 faizə qədərini meşə fondu sahəsi təşkil edir. Meşə fondu sahəsi deyərkən talalar, meşəsiz ərazilər də nəzərdə tutulur. Belə ərazilərdə təbii mühitin bərpası vacibdir. Respublikamız Cənubi Qafqazın arid zonasında yerləşir. Ona görə də burada təbii mühitin bərpası elə də asan deyil. Bu səbəbdən respublika ərazisində quraqlığa davamlı, susuzluğa dözümlü bitkilər əkilməlidir. Suvarılan ərazilərdə isə aqrotexniki tələblərə uyğun olaraq əkinlər aparılmalıdır. Meşələr yanğından, qanunsuz qırıntılardan, xəstəliklərdən mühafizə olunmalıdır. Bununla yanaşı, əkin vaxtlarına düzgün əməl edilməlidir. Əgər ağac yarpağını tökərsə, onu payızda əkmək lazımdır. Həmişəyaşıldırsa, yəni istər enliyarpaqlı, istərsə də iynəyarpaqlı olsun erkən yazda əkilməsi məqsədəuyğundur.
Bu sözləri meşə təsərrüfatı mühəndisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Allahverdi Doluxanov AZƏRTAC-a müsahibəsində deyib.
Mütəxəssis bildirib ki, toxumçuluq meşələrin bərpasında mühüm əhəmiyyətə malikdir. Hər ağacın toxumunu, o cümlədən yetişməmiş toxumları yığmaq olmaz. Meşə üçün toxumlar isə xəstəlik keçirmiş ağaclardan götürülməməli, sağlam ağaclardan tədarük edilməlidir. Çünki əks halda bu, genetik fonda ziyandır. Üç yüz il yaşayan ağac yüz il ərzində quruyar, inkişafında problem yarana bilər.
Çirklənmiş torpaqlarda rekultivasiya ilə yanaşı fitokultivasiya işləri də aparılmalıdır.
Qeyd edilib ki, yaşıllıq sahəsi adambaşına düşən yaşayış sahəsindən iki dəfə artıq olmalıdır. Yaşıllaşdırmada hər ağacı istənilən yerdə əkmək olmaz. Hər yerin özünəməxsus yaşıllaşdırma tədbirləri, əkinlərin xüsusi tələbləri var. Orta məktəblərin, bağçaların ətrafında tikanı olan, qoxusu gələn ağac və kolların əkilməsi düzgün deyil. Ağacların hansı elmi əsaslarla əkilməsi öyrənilməlidir.