CƏMİYYƏT


Həmkarımız Yaşar Xəlilovun xatirəsinə: yarım əsr fotokamera ilə

Bakı, 28 iyun, AZƏRTAC

Tanınmış fotomüxbir və peşəkar fotoqraf, Əməkdar Jurnalist və Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli Yaşar Xəlilov 84 yaşında dünyasını dəyişib.

Həvəskar fotoqrafçılıqdan milli fotojurnalistikamızın zirvələrinədək yüksəlmiş Yaşar Xəlilovun maraqlı və zəngin bioqrafiyası var. Onun yaradıcılığının və əmək fəaliyyətinin 46 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə bağlı olub.

1934-cü il aprelin 11-də Bakıda anadan olan Yaşar Xəlilov əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetinin idman şöbəsində başlayıb və bunun maraqlı tarixçəsi var. Atası ona təzə fotoaparat bağışlayır. Yaşar fotoaparatı götürüb dostları ilə birlikdə Bakıdakı Dağüstü Parka gedir. Burada yerli qəzetin fotomüxbiri olan bir qadın ona yaxınlaşaraq plyonkasının qurtardığını deyir, voleybol oyunundan fotoşəkillər çəkməyə kömək göstərməsini xahiş edir. Yaşar qadının xahişini məmnuniyyətlə yerinə yetirir, onun çəkdiyi şəkillər redaksiyada bəyənilir. Bundan sonra “Azərbaycan gəncləri” qəzetinin idman şöbəsindən gənc fotoqrafa əməkdaşlıq dəvəti gəlir. Onun ilk ciddi tapşırığı ağırlıqqaldırma üzrə Azərbaycan çempionu, idman ustası Təvəkkül Hüseynovun fotosunu çəkmək olur. Yaşar bu tapşırığın öhdəsindən bacarıqla gəlir. Onun çəkdiyi foto ifadəli alınır: qələbəyə can atan, mübariz keyfiyyətli idmançı obrazını canlandıra bilir.

Həmin dövrdə “Bakı” qəzeti nəşrə başlayır. Qəzetin baş redaktoru, məşhur jurnalist, mətbuat işinin gözəl təşkilatçısı Nəsir İmanquliyevin təşəbbüsü ilə yeni qəzetin ştatlı fotoreportyoru vəzifəsini tutmaq üçün müsabiqə elan edilir. Yaşar Xəlilov da bu müsabiqəyə qatılır və qalib gəlir. Beləliklə, gənc fotoqraf qəzetə işə qəbul olunur.

Bir il sonra, 1959-cu ildə Yaşar Xəlilov indiki AZƏRTAC-a dəvət edilir və bununla da qarşısında daha geniş imkanlar açılır. Onun çəkdiyi fotoşəkillər bir çox qəzet və jurnallarda dərc olunmağa başlayır. Həmin illərdə təkcə Azərbaycanda deyil, SSRİ məkanında da tanınan Yaşar Xəlilov respublikamızda yeganə fotojurnalistdir ki, SİTA-nın müxbir qrupunun tərkibində 5 Olimpiya Oyunlarında - Münxen, Monreal, Moskva, Los-Anceles və Seul olimpiadalarında çəkilişlər aparıb, fotoşəkilləri bir sıra mötəbər beynəlxalq mükafatlara layiq görülüb.

Fotojurnalistika sahəsində yarım əsr fəaliyyət göstərmiş Yaşar Xəlilov sənətinin ustadı kimi həmişə ön sırada olub, ən çətin və məsuliyyətli tapşırıqlar ona həvalə edilib. Elə bir ciddi tədbir, yüksək səviyyəli yığıncaq və ya görüş, elə bir mühüm hadisə olmurdu ki, respublikanın baş informasiya agentliyinin fotoreportyoru onu işıqlandırmasın. Onun obyektivinin yaddaşına respublikada və hətta ondan kənarda baş verən hadisələr həkk olunurdu. Gecə-gündüz bilmədən işləyən fotoreportyor peşə ustalığını daim təkmilləşdirmək qayğısına qalıb, Moskvada “Fotoreportaj və jurnalistika” kurslarını bitirib.

O, ən böyük məktəbi 1969-cu ildə Azərbaycanın rəhbəri təyin edilmiş Heydər Əliyevlə işlədiyi illər ərzində keçib, peşəkarlıq zirvəsinə yüksəlib. Ulu Öndər jurnalistikaya, o cümlədən fotojurnalistikaya çox böyük əhəmiyyət verir, hər bir işin keyfiyyətinə son dərəcə tələbkarlıqla yanaşırdı. Bunun nəticəsi idi ki, Yaşar Xəlilov öz işini ən yüksək səviyyədə yerinə yetirməyə çalışırdı. İstər SSRİ dövründə, istərsə də ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra Yaşar Xəlilovu həmişə fotoaparatla görmək olurdu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdarkən rəsmi çəkilişlərin aparılması Yaşara tapşırıldı. Onu “Prezidentin fotoreportyoru” da adlandırırdılar. O, dövlətimizin başçısını istər ölkə daxilində, istərsə də xarici səfərlərdə daim müşayiət edirdi. Bunun sayəsində çox maraqlı və görkəmli insanlarla - bir sıra ölkələrin rəhbərləri, tanınmış dövlət xadimləri, elm və mədəniyyət nümayəndələri ilə görüşür, onların fotolarını çəkirdi.

AZƏRTAC-ın arxivində Yaşar Xəlilovun bir çox nadir fotoşəkilləri saxlanılır. Məsələn, mənşəcə azərbaycanlı olduğuna görə vaxtilə Azərbaycanda çox populyar olmuş İran şahının xanımı Fərəh Pəhləvinin fotoşəkli bu qəbildəndir. Yaşar lazımi rakursu tapmağı, fotonu çəkmək lazım olan anı, necə deyərlər, “tutmağı” bacarırdı. Həmin fotoşəkillər sənətkarlıq baxımından bu gün də diqqəti cəlb edir və aktuallığını qoruyub saxlayır.

Yaşar Xəlilovu tanıyanların hamısı onu öz işinin vurğunu adlandırır, bununla bağlı hadisələri xatırlayırlar. AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vaxtilə onunla bir çox səfərlərdə olub. Yaşar Xəlilovun ölümünü Azərbaycan fotojurnalistikası üçün böyük itki adlandıran Aslan Aslanov deyir: “Heyf ondan, əvəzsiz sənətkar idi. Biz onunla ulu öndər Heydər Əliyevin səfərlərində birlikdə işləmişik. Çəkdiyi fotolara söz ola bilməzdi. Həm də yaxşı yol yoldaşı idi. Belə sənətkarlar az-az yetişir. Onun xatirəsi AZƏRTAC-ın kollektivi, həmkarları üçün çox əzizdir”.

Yaşarı tanıyanlar onu da deyirlər ki, zahirən çox da yapışıqlı insan təsiri bağışlamasa da, əslində, çox xeyirxah, hətta sentimental insan idi. Öz övladlarını - oğlanlarını və nəvələrini də bu ruhda tərbiyə edib. Valideynlərini erkən itirmiş Yaşar Xəlilov özündən kiçik bacılarını böyüdüb, onlara təhsil verib, həyatda öz yerlərini tutmalarına kömək göstərib. O, insanlıq borcunu layiqincə yerinə yetirib: şərəflə işləyib, həyatının mənasına çevrilmiş sənətinə öz qəlbini verib, ətrafındakı hər kəsə sevgi ilə yanaşıb.

AZƏRTAC-ın kollektivi Yaşar Xəlilova Allahdan rəhmət diləyir, ailəsinə dərin hüznlə başsağlığı verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.