CƏMİYYƏT


Həmkarlar ittifaqları “Böyük Qayıdış”a hazırlaşır

Bakı, 27 oktyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, Qarabağ uğrunda döyüşlərin şiddətlənməsi tarixi torpaqlarımızın azad olunması ilə nəticələnməkdədir. Müharibə davam etsə də, artıq işğal altındakı bir çox kəndlərimiz və şəhərlərimiz azad olunub. Azərbaycan xalqı Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdamın tezliklə azad olunacağına o qədər əmindir ki, artıq doğma torpaqlarımıza qayıdacağımız günlə bağlı planlar qurur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

Səttar Möhbalıyev bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da müharibə davam edərkən “Böyük Qayıdış”a hazırlıq işləri aparılır, azad edilən ərazilərdə bərpa işləri ilə bağlı proqramlar nəzərdən keçirilir.

Ermənilər torpaqlarımızdan tariximizi, izimizi silmək üçün hər şeyi talan ediblər. Bütün tarixi abidələrimiz, muzeylər, qəbiristanlıqlar, məscidlər, tarixi əhəmiyyətli binalar, xatirə bulaqları xarabalığa çevrilib.

“Təəssüf ki, erməni işğalı həmkarlar ittifaqlarının kurort, sanatoriya və müalicə müəssisələrindən də yan keçməyib. İşğaldan əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa İstirahət Evi”, Kəlbəcərdə “İsti Su” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, 255 yerlik sanatoriyası, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”, Ağdamda “Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi. Çox təəssüf ki, bu sağlamlıq ocaqları erməni vandalizminin qurbanı olmuş və yerlə yeksan edilib”, - deyə AHİK-in sədri bildirib.

“AHİK-in tərkibində fəaliyyət göstərən və işğala məruz qalan kurort, sanatoriya və müalicə mərkəzlərinin fəaliyyətinin tam bərpa edilməsi, yeni müalicə müəssisələrinin, istirahət evlərinin tikilməsi planlaşdırılır. Azad edildikdən sonra Qarabağ bölgəsi turizm cənnəti kimi hər kəsin diqqət mərkəzində olacaq, doğma torpaqlarımızda əvvəlki kimi gözəl sanatoriyalar, müalicə müəssisələri salınacaq, əvvəlkindən qat-qat yaxşı şərait yaradılacaqdır. Doğma şəhərlərimiz və kəndlərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir”, - deyən S.Möhbalıyev bildirib ki, eyni zamanda, azad olunmuş rayonlarda Həmkarlar ittifaqlarına aid idman meydançaları, şahmat məktəbləri və digər idman qurğuları da yenidən qurularaq gənc nəslin istifadəsinə veriləcək. Eyni zamanda, bu ərazilərdə ilk dəfə olaraq həmkarlar ittifaqlarının mərkəzləri yaradılacaq və onlar üçün yeni inzibati binaların tikintisi həyata keçiriləcək.

AHİK-in sədri qeyd edib: “Əminik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tez bir zamanda torpaqlarımızı işğaldan azad edəcək. Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da digər qurumlar kimi, bütün quruculuq işlərində var gücü ilə çalışacaq və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.