MƏDƏNİYYƏT
Həmkarları Elnurə və Aygün İsgəndərova bacılarının ustalığını yüksək qiymətləndiriblər
Bakı, 23 mart, Ayişə Axundova, AZƏRTAC
Martın 22-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına rəsm qalereyasında açılmış “Novruz bayramınız mübarək!” adlı sərgidə Elnurə və Aygün İsgəndərova bacılarının dekorativ-tətbiqi incəsənət janrında təqdim edilmiş əsərləri “Zirvə” Ziyalılar Təşkilatının sertifikatlarına layiq görülüb. Naxışlı qobelen tikmə işi ilə məşğul olan Aygün İsgəndərova “İlin ən yaxşı ustası” nominasiyasında sertifikat alıb, ənənəvi “şəbəkə” xalq hörmə sənətinin ustası, bu nadir sənəti öz şagirdlərinə müvəffəqiyyətlə öyrədən Elnurə İsgəndərova isə “İlin ən yaxşı müəllimi” sertifikatına layiq görülüb.
Bacılara sertifikatlar “Zirvə” Ziyalılar Təşkilatının adından təqdim edilib. Bu təşkilatın əsas fəaliyyət istiqaməti gəncləri yaradıcılıqla məşğul olmağa təşviq etməkdir.
Elnurə İsgəndərova deyib: “Mən və kiçik bacım yaradıcılıqla həvəslə məşğul oluruq, bədii sərgilərdə məmnuniyyətlə iştirak edirik. Bizim fəaliyyətimizin layiqincə qiymətləndirilməsinə görə“Zirvə”" təşkilatına minnətdarıq. Hazırda mən bu təşkilatda istedadlı insanların cəmiyyətə inteqrasiyası üzrə baş mütəxəssis vəzifəsində çalışıram, Aygün isə bizdə yaradıcılıq üzrə psixoloq vəzifəsində işləyir, uşaqlarla məşğul olur”.