CƏMİYYƏT
Həmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanılıblar
İsmayıllı, 28 fevral, AZƏRTAC
İsmayıllı rayonunun İvanovka kəndinin qadın sakini Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi ilə əlaqə saxlayaraq evdə olmadığı müddətdə qızıl-zinət əşyalarının, pul və müxtəlif medallarının oğurlanması barədə məlumat verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, müraciət aidiyyəti üzrə İsmayıllı Rayon Polis Şöbəsinə yönləndirilib. Polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 860 manat dəyərində qızıl-zinət əşyalarının, 124 manat pulun və müxtəlif medalların oğurlanması müəyyən edilib.
Oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri 22 yaşlı Heydər Rezvanov və 24 yaşlı Nikolay Skokov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyalarını Göyçay və İsmayıllı rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdıqlarını bildiriblər.
Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanıb. Həmin şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.