CƏMİYYƏT
Həmkəndlisini odlu silahla qəsdən öldürməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 30-u saat 15 radələrində Kürdəmir rayonunun Dayıkazımlı kənd sakini 1968-ci il təvəllüdlü Bəhmən Hümbətovun odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Kürdəmir Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1987-ci il təvəllüdlü Vurğun Mehtiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhmən Hümbətovun baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vurğun Mehtiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir.