SİYASƏT
Həmvətənimiz Arzu Zeynalova “Zvyozdnaya raduqa” müsabiqəsinin qalibləri sırasındadır
Bakı, 13 mart, AZƏRTAC
Murmanskda yaşayan həmvətənimiz Arzu Zeynalova bu şəhərdəki 6 nömrəli musiqi məktəbinin xor bölməsini fərqlənmə ilə bitirib. 2014-cü ilin iyun ayında Murmansk İncəsənət Kollecinin estrada sənəti bölməsinə daxil olub. Akademik və estrada vokalı ilə məşğul olur.
Vokal müsabiqələrində özünün oxuduğu gimnaziyanı və Murmanskdakı S.M.Kirov adına mədəniyyət sarayı nəzdində “Vernisaj” estrada mahnısı studiyasını təmsil edib. Murmansk vilayətinin Kirovsk şəhərində keçirilən “Dostoyaniye qimnazii”, “Vdoxnoveniye”, “Poyuşşiy Murman”, “Bravo” müsabiqələrində və bir sıra başqa sənət yarışmalarının qalib gəlib.
Bu yaxınlarda Murmanskda estrada vokal müsabiqəsi keçirilib. Müsabiqədə Murmansk İncəsənət Kollecində “Estrada musiqi sənəti” ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk regional bölməsinin və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, yeniyetmə yaş qrupunda “Solist” nominasiyasında həmvətənimiz Arzu Zeynalova 1-ci, Polina Krakenayte 2-ci, Anjelina Şix 3-cü yeri tutub.
Murmansk İncəsənət Kollecində “Estrada musiqi sənəti” ixtisası üzrə təhsil alan tələbələrdən ibarət instrumental heyətlər xüsusi diplomlara layiq görülüb.