SİYASƏT
Həmvətənimiz “Müqəddəs Sergi Radonejski Nişanı” ilə təltif edilib
Moskva, 7 mart, AZƏRTAC
Həmvətənimiz, Rusiyanın Əməkdar İnşaatçısı Əlizaman Rəhimov “Müqəddəs Sergi Radonejski Nişanı” ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, Moskva ətrafındakı Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda “Günay” istehsalat-kommersiya firmasının baş direktoru Əlizaman Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə nüfuzlu “Müqəddəs Sergi Radonejski Nişanı” ilə təltif olunub. Mükafatı Moskva vilayəti qubernatorunun müavini Natalya Virtuozova təqdim edib. Tədbirdə Domodedovo şəhər dairəsinin başçısı Aleksandr Dvoynıx, Dövlət Dumasının deputatı Vyaçeslav Fetisov, “Yedinaya Rossiya” partiyasının nümayəndəsi Dmitri Qorodetski iştirak ediblər.
Əlizaman Rəhimov AZƏRTAC-ın müxbiri ilə söhbətində belə bir mükafata layiq görülməsini əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. O qeyd edib ki, Moskva vilayətində Azərbaycanın böyük diasporu fəaliyyət göstərir. Azərbaycanlılar vilayətin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər. “Rəhbərlik etdiyim “Günay” istehsalat-kommersiya firması son illər Moskva vilayətində məktəb və uşaq bağçalarının, yaşayış və inzabati binaların inşasında yaxından iştirak edir. “Günay”ın beynəlmiləl kollektivi Azərbaycan ilə Rusiya arasında ənənəvi mehriban dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Ölkələrimizin prezidentləri İlham Əliyev və Vladimir Putinin səyləri sayəsində bu münasibətlər günbəgün daha yüksək səviyyəyə qalxır. Mən fəxr edirəm ki, Rusiyada öz xalqımı layiqincə təmsil edirəm”, - deyə Ə.Rəhimov bildirib.
Əlizaman Rəhimov Rusiyada yaşayan nüfuzlu azərbaycanlılardan biridir. O, uzun illərdir Moskva vilayətinin Domodedovo şəhərinin ictimai-siyasi həyatında yaxından iştirak edir, şəhər əhalisinin hörmətini qazanıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı və “Şöhrət” ordeni, Rusiya Prezidenti Vladimir Putinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva