CƏMİYYƏT
Həmvətənimiz Ukraynada “İlin alimi” adının fəxri nominantı olub
Kiyev, 21 sentyabr, AZƏRTAC
Kiyevdə “Celebrity Awards 2020” illik Ümumukrayna mükafatının təqdim edilməsi mərasimi keçirilib.
Mərasimdə dövlət xidməti, elm, biznes və incəsənət sahələrinin ən yaxşı, ən layiqli nümayəndələrinə mükafatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, “İlin alimi” adının budəfəki fəxri nominantları arasında həmvətənimiz – hüquq elmləri doktoru, professor Arif Quliyev də vardı.
“Celebrity Awards” müstəqil Ümumukrayna mükafatı Ukraynada yaşayan uğurlu insanları əhatə edir və “Dyakuyu” (“Sağ ol”) böyük beynəlxalq mükafatının formalaşmasında birinci pillədir. Bu mükafat Ukraynanı həm ölkə ərazisində, həm də xaricdə məşhurlaşdıran ukraynalıları birləşdirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev