ELM VƏ TƏHSİL
Həmvətənimizin yazdığı ekologiya dərslikləri Rusiya Maarif Nazirliyi tərəfindən bəyənilib
Moskva, 14 yanvar, AZƏRTAC
RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidmət Akademiyasının Dövlət Xidməti və İdarəçilik İnstitutunun (RXTDXA DXİİ) professoru, həmvətənimiz Nizami Məmmədovun yazdığı ekologiya dərslikləri Rusiya Maarif Nazirliyi tərəfindən bəyənilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Maarif Nazirliyi 2019/2020-ci illərdə məktəb təhsili sistemində istifadə edilməsi tövsiyə olunan dərsliklərin federal siyahısını təsdiq edib. Keçən il Rusiyanın bütün məktəb dərslikləri təkrar müstəqil elmi-pedaqoji ekspertizadan keçib və tövsiyə olunmuş dərsliklərin siyahısı xeyli qısaldılıb. Sevindirici haldır ki, RXTDXA DXİİ-nin professoru Nizami Məmmədovun 10-cu və 11-ci siniflər üçün yazdığı ekologiya dərslikləri yeni siyahıda da təmsil olunub. 20 ildən çoxdur ki, bu dərsliklər Rusiyada və MDB üzvü olan bəzi başqa ölkələrdə məktəbdə ekoloji təhsilin məzmununu çox cəhətdən müəyyən edir.
Nizami Məmmədov özü qeyd edib ki, bu fakt Yeni ildə onun üçün ən yaxşı hədiyyədir. O vurğulayıb: “Nəşr edilmiş monoqrafiyadan fərqli olaraq, dərsliklər üzərində daim işləmək, onları təkmilləşdirmək, ekologiya elmində qazanılmış nailiyyətləri, müəllimlərin təkliflərini, ekoloji təhsil və davamlı inkişaf sahəsində Rusiya dövlətinin siyasətini və beynəlxalq siyasəti nəzərə almaq lazım gəlir”.
Nizami Məmmədovun dərsliklərində ekologiyanın şərhinə interaktiv yanaşma reallaşdırılıb: ekologiya bioloji (klassik ekologiya, biosferanın ekologiyası (qlobal ekologiya), insan ekologiyası və sosial ekologiyanı əhatə edən vahid elmi istiqamət kimi təqdim olunur. Çoxsaylı ekoloji ədəbiyyat arasında bu dərsliklər özünün fəlsəfi-metodoloji əsasına, elmi məzmununa, didaktik yanaşmaya və zəngin illüstrasiyasına görə seçilir. Əvvəlki illərdən fərqli olaraq indi dərsliklərə müəllim üçün metodika, şagirdlər üçün iş dəftəri, müntəxəbat və ekoloji xəritə də əlavə edilir. Başqa sözlə desək, bu, bütöv tədris-metodik kompleksdir. Üstəlik, bütün bunlar həm kağız formasında, həm də elektron formada mövcuddur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva