SİYASƏT
Həmvətənlərimiz Ukrayna yerli özünüidarə orqanlarına seçilmişlər
Kiyev, 1 noyabr (AZƏRTAC). AZƏRTAC-ın artıq xəbər verdiyi kimi oktyabrın 31-də Ukraynada yerli özünüidarə orqanlarına seçkilər keçirilmişdir. Seçkilərdə bizim həmvətənlərimiz də deputatlığa namizəd kimi iştirak etmişlər.
Məlum olmuşdur ki, Fəxrəddin Muxtarov özünün ən yaxın rəqibindən 1800 səs çox toplayaraq Dnepropetrovsk Vilayət Sovetinə deputat seçilmişdir. Vilayət sovetinin deputatı seçilmək üçün onun namizədliyi Dnepropetrovsk vilayəti, Tsariçan rayonu birmandatlı majoritar seçki dairəsi üzrə Regionlar Partiyası tərəfindən irəli sürülmüşdü. Bütün vilayətdə tanınmış fermer olan F.Muxtarov 1995-ci ildən işləri çox uğurla gedən “Syayvo” (“Parıltı”) adlı kənd fermer təsərrüfatına başçılıq edir. Onun doğma qardaşları Vahid və Qoşqar Muxtarovlar da Dnepropetrovsk vilayətinin Tsariçan rayon sovetinə deputat seçilmişlər.
İşləri uğurla gedən sahibkar Əfqan Salmanov isə yenidən Sumı vilayət sovetinə seçilmişdir. Bu dəfə o, Regionlar Partiyasının siyahısında 7 nömrəli namizəd idi.
Ukraynada yerli seçkilərdə qalib gəlmiş digər həmvətənlərimiz barədə məlumat alındıqca AZƏRTAC bu haqda xəbər verəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev