CƏMİYYƏT
Həmyerlimiz Avropa Foniatrlar İttifaqı işçi qrupunun rəhbəri seçilib
Bakı, 20 iyun, AZƏRTAC
Finlandiyanın paytaxtı Helsinkidə Avropa Foniatrlar İttifaqının (UEP) 29-cu konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun otorinolarinqologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli və Azərbaycan Mühəndislər Universitetinin kompüter və informasiya texnologiyaları kafedrasının dosenti Anar Rüstəmov iştirak ediblər.
Onların “APDVoice foniatrik klinikalar üçün asan və faydalı onlayn məlumatlar bazasıdır” mövzusunda məruzəsi maraqla qarşılanıb. Alimlərin hazırladığı “APDVoice data base” sistemi (www.apdvoice.com) Avropa Foniatrlar İttifaqının səs komitəsi tərəfindən UEP-ə bağlı foniatrik klinikalarda tətbiq olunmaq üçün qəbul edilib.
Otolarinqoloq Ramil Həşimli Avropa Foniatrlar İttifaqının səs komitəsi WG6 (telematik səs qiymətləndirməsinə dair gələcək perspektivlər: akustik təhlil üçün proqramlar) işçi qrupunun rəhbəri seçilib.