ELM VƏ TƏHSİL


Həmyerlimiz “Scopus Awards” mükafatına layiq görülüb

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bionanotexnologiyalar laboratoriyasının və Rusiya Elmlər Akademiyası (REA) K.A.Timiryazev adına Fiziologiya İnstitutunun idarə olunan fotobiosintez laboratoriyasının müdiri, REA-nın Fundamental Bioloji Problemlər İnstitutunun baş elmi işçisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Süleyman Allahverdiyev bu il Rusiyada və xaricdə elmin inkişafındakı xidmətlərinə görə biologiya sahəsində ən çox istinad olunan alim kimi “Scopus Awards” mükafatına layiq görülüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Hirş indeksi 52 və 60 olan görkəmli alim 400-dən artıq elmi işin, 6 ixtiranın və 8 kitabın müəllifidir, onun işlərinə 12500-dən artıq istinad olunub. Hazırda o, 15-dən çox beynəlxalq jurnalın redaksiya heyətinin üzvüdür. Alim “International Journal of Hydrogen Energy” (Elsevier), "Photosynthesis Research” (Springer), “Photosynthetica” (Springer), "Helion" (Elsevier), “Functional Plant Biology” (CSIRO) jurnallarının redaktor müavini, “BBA Bioenergetics” (Elsevier) jurnalının bölmə redaktoru və eləcə də ixtisası üzrə çoxlu beynəlxalq jurnalların və qrant layihələrinin rəyçisidir.

S.Allahverdiyev tərəfindən fotosistem 2-nin (FS-2) elektron transport zəncirinin fəaliyyətinin əsasını təşkil edən ilkin mexanizmlər öyrənilib, feofitin molekulunun FS-2 reaksiya mərkəzində aralıq akseptoru olduğu tapılıb və təsdiq edilib. Feofitinin iştirakı ilə fotosintez zamanı elektron daşınmasının enerji və kinetik sxemi təklif olunub. DNT-mikroçiplər də daxil olmaqla, fiziki-kimyəvi biologiya metodlarının vasitəsilə bitkilərin fotosintetik aparatının ətraf mühitin əlverişsiz şəraitinə uyğunlaşmasının molekulyar mexanizmləri tədqiq edilib və bu məlumatlar bütün dünyada fiziki-kimyəvi biologiya dərsliklərinə daxil edilib.

Professorun son işləri nanobiotexnologiya sahəsində tədqiqatlara həsr olunub. Bu tədqiqatların əsas məqsədi alternativ enerji mənbəyi kimi molekulyar hidrogen almaq üçün təbii fotosistem 2-nin prinsiplərinə uyğun olaraq, daha effektiv müxtəlif çeşidli katalizatorlar sintez edib suyu (H2O) günəş enerjisi hesabına parçalamaqla süni fotosintez sisteminin yaradılmasından ibarətdir.

“Scopus Awards” mükafatı mühüm elmi-texniki nailiyyətlərlə bağlı məlumatların nəşri ilə məşğul olan “Elsevier” şirkəti tərəfindən 2004-cü ildə təsis edilib. “Scopus” elmi nailyyətlərin ən obyektiv göstəricisi hesab olunur. Elmin inkişafına hər bir alimin töhfəsi onun nəşr etdirdiyi elmi məqalələrin sayı və beynəlxalq kütləvi informasiya vasitələrində istinad indeksi ilə müəyyən olunur. Namizədlərin seçilməsi üçün “Scopus” verilənlər bazasında 11 elm sahəsi üzrə analizlər aparılır və hər bir elm sahəsi üzrə 2015-2018-ci illərdə “Scopus” bazasında indeksləşmiş nəşrlərin sayı, istinadların orta sayı, istinad indeksi nəzərə alınır. Bu mükafat Latın Amerikasında, Asiyada, Avropada, 2011-ci ildən isə Rusiyada ən çox nəşr edilən və istinad olunan müəlliflərə verilir.

Noyabrın 27-də isə “Clarivate Analytics” (“Thomson Reuters”) şirkəti 2018-ci ildə ən çox istinad olunan alimlərin (Highly Cited Researchers) reytinq cədvəlini dərc edib. Bu siyahıda 8 rusiyalı alim arasında həmyerlimiz S.Allahverdiyev də yer alıb.

Qeyd edək ki, “Clarivate Analytics” elmmetrik analiz üzrə dünya lideridir. Şirkət beşinci dəfədir ki, “Web of Science” məlumatlar bazasına əsaslanaraq ən nüfuzlu alimlərin siyahısını dərc edir. Öz sahəsində ötən ildə ən çox istinad olunan alimlərin 1 faizi bu siyahıya daxil edilir. Bu il təbiət və humanitar elmlərin 21 sahəsində çalışan 4058 alim reytinqə daxil olub. Şübhəsiz ki, nüfuzlu alimləarin sayına görə ABŞ lider olaraq qalır. Reytinqə düşən ABŞ alimlərinin sayı 2639 nəfərdir. ABŞ-dan sonra Böyük Britaniya (546) və Çin (482) yüksək nəticələr göstərib. Ən yaxşı nəticələr göstərən təşkilat isə Harvard universiteti olaraq qalır. Qürurverici haldır ki, həmyerlimiz S.Allahverdiyev dünyada ən çox istinad olunan 1 faiz alimlərin sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.