İQTİSADİYYAT
Həmzə Kərimov: SOCAR Rumıniya yanacaq bazarının 10 faizinə sahib olmaq niyyətindədir
Rumıniyada fəaliyyət göstərən SOCAR-ın törəmə “SOCAR Petroleum SA” şirkətinin direktoru Həmzə Kərimovun AZƏRTAC-a müsahibəsi
- “SOCAR Petroleum SA” şirkətinin Rumıniyada fəaliyyəti barədə məlumat vermənizi xahiş edirik.
- Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR dünya miqyaslı beynəlxalq bir brendə çevrilməklə Azərbaycan, eləcə də ölkə hüdudlarından kənarda həyata keçirilən beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin əsas oyunçularından biridir. Azərbaycan iqtisadiyyatının lokomotivi hesab edilən SOCAR inamlı inkişaf yolu ilə irəliləməkdədir. Şirkətimizin beynəlxalq aləmdə işgüzar imici yüksələn xətlə inkişaf edir. SOCAR-a beynəlxalq neft-qaz bazarında, nüfuzlu maliyyə institutlarında böyük etimad göstərilir. SOCAR ilk dəfə olaraq Avropada məhz Rumıniyada nümayəndəlik açmaqla bu ölkənin enerji bazarına daxil olub. Qısa müddət ərzində şirkətimiz Rumıniyada növbəti uğurlu layihəni gerçəkləşdirdi. SOCAR-ın törəmə "SOCAR Petroleum SA" şirkəti təsis edildi və bu ölkə ərazisində SOCAR brendi ilə kommersiya fəaliyyətinə başlanıldı. Bununla da şirkətimiz tərəfindən Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsinə start verildi. İlk əvvəl 11 yanacaqdoldurma məntəqəsi ilə fəaliyyətə başlamaqla müştərilərimizi "Avro-5" standartlarının tələblərinə uyğun yüksək keyfiyyətli yanacaq məhsulları ilə təmin etdik. Bu gün isə SOCAR brendi altında Rumıniya ərazisində yanacaqdoldurma şəbəkələrimizin sayı 34-ə çatıb. Hazırda şirkət stansiyalar da daxil olmaqla 500 nəfərlik kollektivi ətrafında cəmləşdirib. Oktyabrın əvvəlində isə Buxarestdə sayca 3-cü, ümumilikdə isə 35-ci məntəqəmizi müştərilərimizin ixtiyarına verəcəyik. Sevindirici haldır ki, şirkət son 2 ili xalis mənfəətlə başa vurur.
- Şirkətin Rumıniyada gələcək planları barədə nə deyə bilərsiniz?
- Şirkətimizin Rumıniyada yaxın gələcək üçün qarşıya qoyduğu məqsədlərdən biri də Rumıniya ərazisində məntəqələrimizin sayını 100-ə çatdırmaqla, ölkənin yanacaq bazarının 10 faizinə sahib olmaqdır. Tərəfimizdən regionun gələcəyi üçün nəzərdə tutulan inkişaf strategiyası hazırlanıb və SOCAR Şərqi Avropada, xüsusilə Rumıniyada uzunmüddətli investisiya layihələrini davam etdirəcək. Növbəti il üçün Rumıniyada SOCAR brendi altında daha 10 YDM açmağı planlaşdırırıq. Bu il həmçinin "SOCAR Petroleum SA"nın təsis olunmasının 5 ili tamam olur, şirkətimiz üçün əlamətdar ildir. Rumıniyanın enerji bazarında fəaliyyət göstərdiyi qısa müddət ərzində „SOCAR Petroleum SA” artıq topdan və pərakəndə satış biznesində qiymətəmələgəlmə prosesində iştirak edən şirkətlər sırasına daxil olmuşdur. Əlbəttə, qısa zaman kəsiyində əldə olunan uğurların arxasında SOCAR rəhbərliyi, eləcə də əzmlə çalışan gənc və perspektivli "SOCAR Petroleum SA" kollektivi dayanır. Bu müddətdə şirkətimiz Beynəlxalq Standartlaşdırma Təşkilatının 4 sertifikatını əldə edib. Bu il müştərilərimiz üçün bir sıra layihələr təqdim etdik. Bunlardan "SOCAR Acceptance card", "SOCAR Fleet CARD", "Rovinieta", “e-Tarif” göstərmək olar. Növbəti ildə də sadiq müştərilərimiz üçün bir sıra yeni layihələrimiz olacaq.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest