İDMAN


Həndbol üzrə yeni mövsümə start verilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da həndbol üzrə 26-cı Azərbaycan çempionatına start verilib.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, yeni mövsümdə çempionatda 6-sı qadın, 4-ü kişi olmaqla 10 komanda qüvvəsini sınayacaq. İlk olaraq qadın həndbolçular mübarizəyə başlayıblar.

Mövsümün açılış matçında “Gənclər Birliyi” və “Azəryol” kollektivləri qarşılaşırlar. Saat 15:00-da başlanacaq “İdman Akademiyası” – “Qarabağ” görüşündən sonra çempionatın açılış mərasimi keçiriləcək.

İlk oyun gününün sonuncu qarşılaşmasında isə Azərbaycan çempionu “Azərsu” Gürcüstanı təmsil edən “Olimpiya” komandasını sınağa çəkəcək.

“Olimpiya”nın Azərbaycan çempionatında keçirəcəyi 20 görüşün 10-u Bakıda, 10-u isə Tbilisidə təşkil olunacaq. Gürcüstan həndbolçuları qoşa oyunlarda mübarizə aparacaqlar. Belə ki, “Olimpiya” sabah çempionatın ikinci görüşündə yenidən “Azərsu” ilə qarşılaşacaq.

Qadın həndbolçuların 20 turdan ibarət Azərbaycan çempionatına aprelin sonunda yekun vurulacaq.

Kişi həndbolçulardan ibarət “Məhsul”, “Təhsil”, “U-16” və sonuncu çempion “Bakı” komandası növbəti respublika çempionatında mübarizəyə oktyabrın 21-də başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.