MƏDƏNİYYƏT
Həqiqət uğrunda mübarizə aparan şair
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Bakı şəhəri, 94 nömrəli orta məktəbdə Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Şəmsəddin Vəliyev Nəsiminin poeziyasının elmliyi, fəlsəfiliyi, poetikliyi, orijinallığının həmişə yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, Nəsimi təkcə Azərbaycanda deyil, dünyada tanınan şairlər sırasındadır: “UNESCO tərəfindən dahi şairin adı görkəmli şəxsiyyətlərin siyahısına daxil edilib. 1973-cü ildə Nəsiminin anadan olmasının 600 illiyi beynəlxalq miqyasda qeyd olunub. Prezident İlham Əliyev ötən il noyabrın 15-də dahi şairin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bununla yanaşı, ölkəmizdə 2019-cu il “Nəsimi ili” elan edilib”.
Azərbaycanda İmadəddin Nəsiminin adının əbədiləşdirildiyini və "Nəsimi ili" çərçivəsində tədbirlərin keçirildiyini diqqətə çatdıran məktəbin direktoru belə tədbirlərin davamlı olacağını da vurğulayıb.
Sonra bədii hissə ilə davam edən tədbirdə şairin həyat və yaradıcılığı haqqında məlumat verilib, məktəbin şagirdlərinin ifasında Nəsimiyə aid səhnəciklər göstərilib, şairin əsərləri səsləndirilib, videoçarxlar nümayiş olunub.
Daha sonra Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafında xüsusi xidmətləri olan, "Şöhrət" ordenli şair Ramiq Muxtar, Yazıçılar Birliyinin üzvü Səməndər Məmmədov, Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii rəhbəri, "Çiçəyim" Uşaq Teatr Studiyasının rəhbəri Rəna Kərimova, məktəbin Azərbaycan dili-ədəbiyyat müəlliməsi Sahilə Məmmədova çıxış edərək həqiqət uğrunda, azadlıq naminə mübarizə aparan şairin ədəbi irsinin şagirdlərə aşılamasının vacibliyini qeyd ediblər. Onlar mütəfəkkir şairin zəngin mənəvi irsinin bu gün də insanların mənəvi və əxlaqi cəhətdən kamilləşməsində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.
Tədbir çərçivəsində məktəbin texnologiya müəlliməsi Tərgül Hüseynovanın rəhbərliyi ilə şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgi də nümayiş olunub.