ELM VƏ TƏHSİL


Hər bir Azərbaycan vətəndaşı Qələbə Gününün sevinc və qürurunu yaşayır

Bakı, 11 noyabr, AZƏRTAC

Hər bir Azərbaycan vətəndaşı möhtəşəm Qələbə Gününün sevinc və qürurunu yaşayır. Bu möhtəşəm günü bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli ordumuza borcluyuq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov deyib.

O bildirib ki, bu qələbə ilə uşaqlığı yarımçıq qalan, gəncliyini köçkün kimi yaşayan, ürəyi yurd həsrəti ilə döyünən minlərlə vətəndaşımız öz torpaqlarına qayıdacaq: “Zamanı geri qaytarmaq mümkün olmasa da, torpaqlarımız azad edildi, babalarımızın, nənələrimizin, əcdadlarımızın ruhları artıq nigaran qalmayacaq”.

Nicat Həsənov qeyd edib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə bütün məcburi köçkünlərin, eləcə də Azərbaycanın 59 rayonuna səpələnən Laçın camaatının ehtiyacları dövlətimiz tərəfindən yüksək səviyyədə təmin edilib. Bizim həmişə bir arzumuz olub – ata-baba yurdumuza geri qayıtmaq: “Biz xoşbəxt insanlarıq ki, bu gün belə bir şərəfli tarixi yaşayırıq. Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyevin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də müharibə cəbhəsində atdığı qətiyyətli addımlar bizi öz torpaqlarımıza qovuşdurdu. Mənfur düşmən münaqişənin sülh yolu ilə həllindən hər zaman qaçırdı, öz işğalçı siyasətini davam etdirirdi. Cəbhə bölgəsindən yüzlərlə kilometr aralıda yaşayan sivil insanlara atəş açaraq, öz çirkin əməlləri ilə işğalçı niyyətini bir daha bəyan edirdi. Azərbaycan Ordusu öz müasir texnikası, zəngin döyüş bacarığı və hər şeydən əvvəl iradəsi, qətiyyəti və yenilməzliyi ilə düşmənə meydan oxudu. Biz düşmənə təkcə döyüş meydanında deyil, siyasi arenada da qalib gəldik. Qalibiyyət bu millətin ruhunda, qanında var. Bu gün şəhid anası “Vətən sağ olsun” deyirsə, Azərbaycan xanımı öz şəhid həyat yoldaşının tabutunu öz çiyinlərində daşıyırsa Vətən basılmaz. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.