SİYASƏT
Hər bir dövlətin uğurlarının əsas amillərindən biri onun milli diplomatiyasıdır
Bakı, 9 iyul, AZƏRTAC
Hər bir dövlətin uğurlarının əsas amillərindən biri onun milli diplomatiyasıdır. Diplomatiyamızın uğurları günbəgün artmaqdadır. Azərbaycan dövlətinin həyata keçirdiyi uzaqgörən və təmkinli diplomatik siyasət onun regionda lider dövlətə çevrilməsi və dünya ölkələri arasında söz sahibi olması ilə nəticələnib. Ölkəmiz beynəlxalq müstəvidə kifayət qədər böyük uğurlara imza atıb. Təbii ki, burada diplomatiyamızın xüsusi rolu var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov söyləyib.
Deputat qeyd edib ki, dövlətimizin başçısı hər bir sahəni və həmin istiqamət üzrə çalışan kadrları diqqətdə saxladığı kimi, milli diplomatiyamızı da xüsusi diqqətdə saxlayıb. Prezident İlham Əliyev 2007-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq, 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Ondan sonra hər il iyulun 9-u Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi bu sahədə çalışanlar üçün əlavə motivasiya və stimulverici hadisədir.
Qırx dörd günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə qarşı bir sıra dövlətlər və təşkilatlar əsassız kampaniyalar aparmağa çalışdılar. Prezident İlham Əliyevin və Azərbaycan diplomatlarının peşəkarlığı bütün kampaniyaları iflasa uğratdı. Haqq savaşımız diplomatik meydanda da qələbə ilə nəticələndi. Haqlı mübarizəmizin dəstəklənməsi də məhz diplomatik sahədə görülən çoxillik fəaliyyətin nəticəsidir.
Deputat bildirib ki, Azərbaycan dövləti bütün istiqamətlər üzrə beynəlxalq əlaqələrin qurulması istiqamətində uğurlu addımlar atıb. Ölkəmiz mehriban qonşuluq siyasətinin həyata keçirilməsi, ölkələrarası dostluq əlaqələrinin qurulması, qlobal problemlərlə birgə mübarizənin aparılması və bir sıra uğurlu diplomatik fəaliyyətlə beynəlxalq müstəvidə böyük töhfələr verməkdədir. Azərbaycan diplomatiyası bir sıra dünya ölkələri üçün yeni model kimi qəbul edilə bilər.