CƏMİYYƏT


Hər bir məktəbli yanğın təhlükəsizliyi qaydalarını bilməli və ona əməl etməlidir

Bakı, 22 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) fevralın 22-də Səbail rayonundakı 7 nömrəli tam orta məktəbdə yanğına qarşı təbliğat xarakterli tədbir keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” mövzusunda videoçarx təqdim edilib, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Tədbirdə ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı təxliyə planlarının və hər bir otaq üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Maarifləndirici söhbətlərdə qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydaları, o cümlədən qaz cihazlarının nəzarətsiz qalmaması, onların istifadəsinin uşaqlara həvalə edilməməsi, bacaların işlək və təmiz vəziyyətdə olması, standartlara uyğun gəlməyən qaz və elektrik cihazlarından istifadə, əsas və ehtiyat çıxışların, keçidlərin əşyalarla, qurğularla tutulması, tamburlarda və pilləkən qəfəslərində anbar tikmək, eləcə də əşyaların saxlanılmasının, pəncərələrdə dəmir barmaqlıqların quraşdırılmasının qadağan edilməsi, hər yerdə təmizliyə riayət olunması barədə mühüm məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib. Həmçinin yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları”, “Hər bir məktəbli yanğın təhlükəsizliyi qaydalarını bilməli və ona əməl etməlidir” mövzularında yaddaş vərəqələri, bukletlər və “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçaları iştirakçılara paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.