İQTİSADİYYAT
Hər bir ölkə sakini orta hesabla 701,7 manatlıq müxtəlif ödənişli xidmətlərdən yararlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar 2020-ci ildə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2019-cu illə müqayisədə 27,9 faiz azalaraq 6 milyard 998,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 257 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib. 2020-ci ildə hər bir ölkə sakini orta hesabla 701,7 manatlıq və ya 2019-cu illə müqayisədə nominal ifadədə 268,3 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.