MƏDƏNİYYƏT
Hər bir yaşda yaratmaq olar
Bakı, 27 dekabr, Ayişə Axundova, AZƏRTAC
Dekabrın 27-də İçərişəhərdəki “Bakı” rəsm qalereyasında Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Gəlin həmrəy olaq” sərgisi açılıb. Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Esmeralda” uşaq və yeniyetmələrin rəsm və yaradıcılıq studiyası və “Bakı” rəsm qalereyasının tərəfindən təşkil olunan sərgidə 7 yaşlı Məryəm Məmmədovanın rəsmləri və əl işləri nümayiş etdirilir.
“Bakı” rəsm qalereyasının direktoru Eldəniz Babayev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov, Uşaq və gənclərin rəsm və yaradıcılıq studiyasının direktoru Esmeralda Tağızadə, sənətşünas Mirzə Talıbov çıxış edərək bildiriblər ki, 246 nömrəli məktəb-liseyin birinci sinif şagirdi Məryəm Məmmədova lap körpə yaşlarından yaradıcılığa meyil edib. O, studiyada dörd yaşından məşğul olur və artıq bir neçə dəfə müxtəlif sərgilərdə iştirak edib. Məryəm dekorativ-tətbiqi yaradıcılığa - batik, daş, şüşə və çini qablar üzərində naxışlara üstünlük verir. Çıxış edənlər əminliklə bildiriblər ki, yaradıcılıq imkanlarını inkişaf etdirməsi üçün Məryəmin valideynləri və ətrafındakı insanlar ona hər cür kömək edəcəklər. Tədbirdə xüsusi vurğulanıb ki, yaradıcılıq üçün yaş məhdudiyyəti yoxdur və istənilən yaşda yaratmaq olar.
Məryəm Məmmədovaya Azərbaycan Rəssamlar İttifaqının onun birinci fərdi sərgisinin açılması haqqında diplomu təqdim olunub.
Sonra tədbir iştirakçıları, o cümlədən Məryəmin sinif yoldaşları və studiyanın şagirdləri, onların valideynləri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər sərgiyə tamaşa ediblər. Müxtəlif mövzuda rəngarəng rəsmlər, dekorativ əl işləri böyük maraqla qarşılanıb. Ekspozisiyanın əsas eksponatı olan, qədim Qobustanın qayaüstü rəsmləri mövzusunda bəzədilən böyük daş tədbir iştirakçılarında xüsusi təəssürat oyadıb.
Sərgi iki gün davam edəcək.